Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu Məkkə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin bu gün İslamabadda keçiriləcək ikinci növbəti iclasında iştirak edəcəklər.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Məkkə Müdafiə Sazişi çərçivəsində təsis edilən Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclası bu gün İslamabadda təşkil olunacaq.
Nazir Fidanın iclasda alyansın bölgədəki problemlərin regional sahiblənmə yanaşması ilə, dialoq və əməkdaşlıq əsasında həllinə yönəlmiş konstruktiv bir təşəbbüs olduğunu bir daha vurğulayacağı və alyans üzvləri ilə ortaq təhlükəsizlik anlayışı və əhatəli əməkdaşlıq zəminində milli təhlükəsizliklə bağlı məsələlərdə yaxın məsləhətləşmələrin və həmrəyliyin davam etdiriləcəyinə işarə edəcəyi nəzərdə tutulur.
H.Fidanın Türkiyənin bölgədə və ondan kənarda sülhün, təhlükəsizliyin və rifahın gücləndirilməsi hədəfi istiqamətində saziş çərçivəsində üzərinə götürdüyü kollektiv müdafiə öhdəliyinə sadiqliyini təkrarlayacağı və alyansın institusionallaşma prosesində əldə olunan mərhələyə dair qiymətləndirmələr aparacağı gözlənilir.
Hakan Fidanın həmçinin mülki şəxsləri və mülki infrastrukturu hədəf alan, regional təhlükəsizlik və sabitliyi təhdid edən husi hücumlarının qəbuledilməz olduğunu bildirərək Türkiyənin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik içində olduğunu təsdiqləməsi planlaşdırılır.
Türkiyə XİN rəhbərinin ABŞ-İsrail və İran arasındakı münaqişənin diplomatik yollarla həll edilməsi ilə Babülməndəb boğazında dəniz təhlükəsizliyinin və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş alyans üzvləri tərəfindən aparılan təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayacağı gözlənilir.
Hakan Fidanın iclasda İsrailin Qəzzada yaratdığı humanitar dağıntıların, İordan çayının qərb sahilində məskunlaşanların artan terrorunun və Şərqi Qüdsün tarixi status-kvosuna qarşı pozuntuların qəbuledilməz həddə çatdığına diqqət çəkəcəyi nəzərdə tutulur.
Nazir Fidanın İsrailin beynəlxalq hüququ və əsas insani dəyərləri heçə sayan, sülh və təhlükəsizliyi getdikcə daha çox təhdid edən əməlləri qarşısında beynəlxalq ictimaiyyətin prinsipial, qətiyyətli və ortaq mövqe nümayiş etdirməli olduğunu bir daha vurğulaması planlaşdırılır.
Nazir H. Fidanın iclasda Türkiyənin Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə davamlı təhlükəsizlik və sabitliyin bərqərar edilməsi istiqamətindəki yanaşmasını və bu məqsədlə regional sahiblənmə prinsipi ilə həyata keçirilən təşəbbüslərə dəstəyini təkrarlayacağı gözlənilir.
Məkkə Birgə Müdafiə Sazişi
Prezident Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın avqustun 7-də Məkkədə imzaladıqları “Ortaq Müdafiə üzrə Məkkə Sazişi” regional sahiblənmə yanaşması əsasında ortaq çəkindirmə və müdafiə yolu ilə üç ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsini və regional təhlükəsizlik ilə sabitliyə töhfə verilməsini hədəfləyir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı köklü münasibətlərin davamını təşkil edən Məkkə Müdafiə Sazişinin institusionallaşdırılmasına dair məsləhətləşmələr davam edir.
Pakistandan olan general-leytenant Nauman Mahmud (Nauman Mahmood) alyansın ilk Baş katibi təyin edilərkən, Katibliyin qarşıdakı dövrdə Ər-Riyadda formalaşdırılması planlaşdırılır.
Strateji Siyasi və Müdafiə Komitəsi
Məkkə Müdafiə Sazişi ilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası avqustun 31-də Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilib.
İclasda sazişin əsaslandığı strateji baxışın həyata keçirilməsi və alyansın institusionallaşması üçün atılmalı olan addımlar və görüləcək işlər müzakirə olunub.
Komitə husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları ilə əlaqədar oktyabrın 5-də Ər-Riyadda fövqəladə iclas keçirib. İclasda tərəflər ərazi bütövlüklərinin və suverenliklərinin sazişin müddəalarına uyğun şəkildə müdafiəsinə yönəlmiş birlik və qətiyyətlərini təsdiqləyib və bu xüsusdakı iradələrini yayımlanan birgə bəyanatda qeydə alıblar.




















