Milli Kəşfiyyat Təşkilatı (MİT) müdafiə sənayesi və kritik dövlət qurumlarının simsiz internet şəbəkələrini hədəf alan, xarici bir ölkənin kəşfiyyat xidməti adından fəaliyyət göstərən kibercasusluq şəbəkəsinə qarşı əməliyyatda iki şübhəlini yaxalayıb.
Casuslar MİT-dən qaça bilmədi
MİT iki nəfərin kritik qurumların internet şəbəkələrinə sızmaq məqsədilə fəaliyyət göstərdiyi barədə kəşfiyyat məlumatı əsasında hərəkətə keçərək iki şəxsi yaxından təqib etməyə başlayıb.
Aparılan araşdırma nəticəsində şübhəlilərin xüsusi texniki proqramlar və cihazlardan istifadə edərək Ankara və İstanbulda onlara verilən marşrutlar üzrə dolandıqları və "Wi-Fi" şəbəkələrinin xəritəsini çıxardıqları müəyyən edilib.
Əldə olunan məlumatlar əsasında MİT-in koordinasiyası ilə İstanbul Polis İdarəsi ilə birgə keçirilən əməliyyat nəticəsində iki şəxs yaxalanaraq saxlanılıb.
Kritik qurumlar hədəfdə idi
Yaxalanan şəxslər Ankaradakı kritik dövlət qurumları, müdafiə sənayesi müəssisələri, siyasi partiyaların baş qərargahları, hərbi şəhərciklər və digər ölkələrin diplomatik nümayəndəliklərinin ətrafında hərəkət etdiklərini etiraf ediblər. Şəxslər təlimatların onlara sosial mediadakı iş elanları vasitəsilə ötürüldüyünü, casusluq fəaliyyəti müqabilində kriptovalyuta tətbiqlərindən ödəniş aldıqlarını da bildiriblər.
MİT tərəfindən davam etdirilən araşdırmalarda şəxslərin xarici bir ölkənin kəşfiyyat xidməti adından fəaliyyət göstərdikləri məlum olub.
Kibercasusluqda şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndəriliblər.















