Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin sürətli qatar xəttinin uzunluğunun 2 min 604 kilometrə çatdığını açıqlayıb.
İzmir, Bursa, Kayseri və Adananın da aralarında olduğu daha 18 vilayətin YHT şəbəkəsinə əlavə ediləcəyini bəyan edib.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin dəmir yolu infrastrukturu ilə bağlı məlumat verib.
Son 25 ildə Cümhuriyyət dövründəki dəmir yolu şəbəkəsinin tamamilə yeniləndiyinə diqqət çəkən Uraloğlu deyib: "2002-ci ildə 10 min 948 kilometr olan dəmir yolu şəbəkəmizi 2026-cı ildə 30 faiz artıraraq 14 min 272 kilometrə çatdırdıq. Elektrikləşdirilmiş xətt uzunluğumuz da 2002-ci ildə 2 min 122 kilometr idi, bu ilə qədər oradakı investisiyamızı da artırdıq və 259 faiz yüksəldərək 7 min 627 kilometrə çatdırdıq".
Uraloğlu dəmir yolunda sürətə də böyük əhəmiyyət verdiklərini qeyd edərək, 2002-ci ildə bu sahədə fəaliyyət olmamasına baxmayaraq, 2026-cı ildə sürətli qatar xəttinin uzunluğunu 2 min 604 kilometrə çatdırdıqlarını söyləyib.
Şəhərdaxili relsli sistem xətlərinə yönəlmiş işlərin də davam etdiyinə diqqət çəkən Uraloğlu deyib: "Ölkəmizdə 2002-ci ildə 281 kilometr olan şəhərdaxili relsli sistem xəttini bu günə gəldikdə qoyduğumuz investisiyalarla 276 faiz yüksəldərək 1 056 kilometrə çatdırdıq".
Bursadan Qarsa qədər daha 18 şəhər yüksək sürətli qatarla birləşdiriləcək
Uraloğlu Türkiyədə mövcud olan qatar xətlərinin 11 min 668 kilometrinin ənənəvi (konvensional), 2 min 604 kilometrinin isə sürətli qatar xətti olduğunu ifadə edib.
Ölkədə tikintisi davam edən dəmir yolu layihələrinin uzunluğunun 4 min 724 kilometr olduğunu bildirən Uraloğlu deyib: "8 min 458 kilometrlik dəmir yolunda layihələr tamamlanıb. 3 min 985 kilometrlik marşrutda isə layihələr davam edir. Bütün layihələr həyata keçirildikdə ölkəmizin qatar xəttinin uzunluğu 31 min 439 kilometrə çatacaq".
Uraloğlu qatar ilə sərnişindaşımanı yüksək sürətli qatar (YHT) ilə inkişaf etdirdiklərini qeyd edərək, hazırda 14 şəhərə birbaşa YHT ilə gediş-gəlişin təmin olunduğunu bildirib.
Hazırda YHT xətti olan və YHT ilə əlaqələndiriləcək vilayətlər barədə məlumat verən Uraloğlu bunları qeyd edib:
"İstanbul, Kocaeli, Eskişehir, Yozqat, Kırklareli, Ankara, Konya, Karaman, Sivas, Tekirdağ, Sakarya, Biləcik, Kırıkkale, Ədirnədə birbaşa YHT-lərimizlə sərnişinlərimizin daşınmasını təmin edirik. 2030-cu ildə də bu şəhərlərimizə Bursa, Çorum, Kayseri, Niğdə, İzmir, Uşak, Balıkəsir, Afyonqarahisar, Mersin, Adana, Osmaniyə, Qaziantep, Adıyaman, Manisa, Malatya, Qəhrəmanmaraş, İğdır, Qars olmaqla daha 18 şəhər əlavə edəcəyik və 32 şəhərimizə birbaşa YHT ilə sərnişin daşına biləcək. Bursadan Qarsa qədər daha 18 şəhər yüksək sürətli qatarla birləşdiriləcək”.














