Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız noyabrın 23-də "Ukraynanın sülh və təhlükəsizliyinin qorunması" başlığı ilə toplanan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib. A.Yıldız yeni dəniz təhlükəsizliyi üzərində işlənilən mexanizmin Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməyi və Qara dəniz ixracatından asılı ölkələrin ərzaq tədarükünü təminat altına almağı hədəflədiyini deyib.
A.Yıldız Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməyi, ərzaq və kənd təsərrüfatı məhsullarının fasiləsiz axınını təminat altına almağı hədəfləyən səmərəli mexanizm hazırlamaq üzərində çalışdıqlarını diqqətə çatdırıb.
A.Yıldız deyib: "Hazırda Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməyi, ərzaq və kənd təsərrüfatı məhsullarının fasiləsiz axınını hədəfləyən səmərəli mexanizm hazırlamaq üzərində çalışırıq. Qara Dəniz Taxıl Təşəbbüsündəki təcrübəmizə əsaslanaraq belə bir mexanizmin hər kəsin, xüsusilə də bu məhsullardan ən çox asılı olan ölkələrin maraqlarına uyğun olacağına inanırıq”.
İstanbulda imzalanan taxıl sazişi
Xatırladaq ki, Qara Dəniz Taxıl Təşəbbüsü 2022-ci il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanmışdı.
Saziş Ukraynanın müəyyən edilmiş limanlarından təhlükəsiz humanitar dəniz dəhlizi açmaqla müharibənin pozduğu həyati əhəmiyyətli taxıl, ərzaq və gübrə ixracını yenidən bərpa etmişdi.
A.Yıldız təşəbbüsün müharibə təzyiqinin Qara dənizə yayılmasının qarşısını almağa yönəlmiş sabit mexanizm olduğunu xatırladıb. O vurğulayıb ki, Türkiyə Qara dənizdə davamlı sabitlik üçün geosiyasi mövqeyindən, açıq kommunikasiya kanallarından və diplomatik vasitəçilik təcrübəsindən istifadə edəcək.
A.Yıldız Türkiyənin müharibənin ilk günündən etibarən Qara dənizdə sabitliyi qorumaq üçün yorulmadan çalışdığını bildirib. O, buna misal olaraq silahlı münaqişə dövründə Türkiyə boğazlarını müharibə aparan tərəflərin hərbi gəmiləri üçün bağlamaq səlahiyyəti verən Montrö Konvensiyasının 19-cu maddəsinin tətbiq edilməsini göstərib.
A.Yıldız Türkiyənin konvensiyanı hərfi-hərfinə və qərəzsiz şəkildə tətbiq etdiyini və tətbiq etməyə davam edəcəyini vurğulayıb.
A.Yıldız Türkiyənin Qara dənizdə ən uzun sahil xəttinə malik ölkə olduğunu xatırladıb. O, sahilyanı ölkələr olan Rumıniya və Bolqarıstanla birgə yaradılmış Qara Dəniz Mina Əleyhinə Tədbirlər İşçi Qrupunu regional əməkdaşlığın konkret nəticələr verdiyinin sübutu kimi göstərib.
Sonda isə A.Yıldız Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyib. O, danışıqlar yolu ilə həllin Ukraynada sülhə aparan yeganə etibarlı yol olduğunu bildirib.




















