TÜRKİYƏ
3 dəqiqə oxuma
"Oruç Reis"in fəaliyyətə başlaması ilə Türkiyə–Pakistan enerji tərəfdaşlığı yeni dövrə qədəm qoyur
Təbirdə çıxış edən nazir A.Bayraktar gələn il qazma işlərinə başlanılmasının hədəfləndiyini açıqlayıb
"Oruç Reis"in fəaliyyətə başlaması ilə Türkiyə–Pakistan enerji tərəfdaşlığı yeni dövrə qədəm qoyur
"Oruç Reis"in fəaliyyətə başlaması ilə Türkiyə–Pakistan enerji tərəfdaşlığı yeni dövrə qədəm qoyur / Anadolu Agency (Wire)
 

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Pakistanın Kəraçi limanında "Oruç Reis" gəmisinin qarşılanma mərasimində iştirak edib. Tədbirdə çıxış edən A.Bayraktar Türkiyə–Pakistan enerji münasibətlərində yeni bir mərhələnin başlandığını deyib.

Türkiyə və Pakistanın ötən il İslamabadda enerji sahəsində bir çox saziş imzaladığını xatırladan A.Bayraktar fikirlərini belə davam etdirib:

"İmzaladığımız sazişlərdən sonra Türkiyə Neft Anonim Ortaqlığı (TPAO) ilə Pakistanın milli enerji şirkətləri olan "OGDCL", "PPL" və "Mari Energies" arasında güclü tərəfdaşlıq qurulub. Biz ortaq dəyərlər və köklü qardaşlıq üzərində qurulmuş tarixə malik iki xalqıq. Bu gün bu dostluğu daha da irəli aparacaq və hər iki ölkənin enerji gələcəyinə istiqamət verəcək tarixi bir addım atmaq üçün bir araya gəlmişik".

 

"Oruç Reis" 19 gündən sonra Pakistana çatıb

Alparslan Bayraktar iki ölkə arasındakı tərəfdaşlığın kağız üzərində qalmadığını vurğulayıb. O, 3-ü dənizdə, 2-si quruda olmaqla, ümumilikdə 5 blokda lisenziyalaşdırma proseslərinin başa çatdığını və ərazidə praktiki işlərə başlanıldığını qeyd edib.

"Oruç Reis" gəmisinin 19 günlük səfərdən sonra Pakistana çatdığını bildirən nazir gəminin burada İnd və Mekran hövzələrinin dərinliklərindəki potensialı üzə çıxarmaq məqsədilə vəzifələndirildiyini diqqətə çatdırıb.

Görülən işlərin hər iki ölkənin inkişafına töhfə verəcək kəşflərlə nəticələnməsini arzulayan A.Bayraktar deyib: "Oruç Reis" və TPAO "İnd C" blokunda 670 kvadratkilometrlik sahədə təxminən 2 ay ərzində 3 ölçülü seysmik məlumatların toplanması işlərini həyata keçirəcək. Toplayacağımız məlumatlar əsasında müəyyən edilmiş sahələrdə gələn il qazma işlərinə başlamağı hədəfləyirik".

 

Türkiyədəki uğurumun Pakistanda da təkrarlanması

Nazir A.Bayraktar Pakistandakı quru və dəniz yataqlarında aparılan fəaliyyətlərin hər iki ölkənin enerji təhlükəsizliyini birbaşa gücləndirəcəyini və rifahını artıracağını bildirib.

Dünyanın neft və təbii qaz bazarlarında tarixinin ən böyük sarsıntılarından birini yaşadığını xatırladan nazir enerji sahəsindəki bu əməkdaşlıqların daha da strateji və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Alparslan Bayraktar Türkiyədəki kəşfiyyat və hasilat işlərində əldə olunan uğurları Pakistanda da reallaşdırmaq istədiklərini qeyd edərək əlavə edib:

"2020-ci ildə qlobal pandemiyanın qızğın çağında məhz bu gəmilərlə Qara dənizdəki ən böyük təbii qaz ehtiyatını kəşf etdik. Bu kəşf eyni zamanda 2020-ci ildə dünya miqyasında dənizlərdə edilən ən böyük təbii qaz kəşfi oldu. Bu gün həmin yataqlardan gündəlik təxminən 10 milyon kubmetr təbii qaz hasil edir və 4 milyona yaxın ev təsərrüfatının tələbatını ödəyirik. Hasilatımız 2028-ci ildə gündəlik təxminən 40 milyon kubmetrə, qazla təmin etdiyimiz ev təsərrüfatlarının sayı isə 16 milyona çatacaq. Bu fəaliyyətlər zamanı qazandığımız təcrübəni və mühəndislik potensialımızı pakistanlı qardaşlarımızın xidmətinə veririk".

Türkiyə ilə Pakistan arasında enerji, elektrik enerjisi və mədənçilik sahələrində geniş əməkdaşlıq potensialının mövcudluğuna diqqət çəkən A.Bayraktar yeni sazişlərlə tərəfdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.

 

Mədənçilik sahəsində əməkdaşlıq davam edir

Digər tərəfdən, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ölkənin iki böyük mədənçilik qurumu – Mədən Tədqiq və Axtarış Baş İdarəsi (MTA) ilə "ETİ MADEN"in ortaqlığı əsasında yaradılmış "MTAIC" şirkəti ilə Pakistanın "Mari Energies Minerals" və Pakistan Mineral İnkişaf Korporasiyası (PMDC) arasında iki ayrı birgə müəssisə sazişi imzalanıb.

Bu sazişlər çərçivəsində "MTAIC" Pakistanda ikisi mis-qızıl, biri isə sürmə yatağı olmaqla, üç sahədə mədən axtarışı işlərinə başlayacaq.

Bundan əlavə, MTA Baş İdarəsi, "MTAIC" və Pakistan Geoloji Tədqiqatlar Qurumu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu memorandumla geologiya və mədən axtarışı sahələrində texniki bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin hazırlanması hədəflənir.

 

MƏNBƏ:TRT