ASELSAN-ın "Gökdeniz" Yaxın Hava Hücumundan Müdafiə Sistemi Qara dənizin açıq sularında keçirilən real atışlı sınaqda hərəkətli hava hədəflərini aşkarlayaraq uğurlu şəkildə məhv edib.
Sistem pilotsuz uçuş aparatları (PUA), gəmiəleyhinə raketlər, eləcə də digər kiçikölçülü, yüksəksürətli və yüksək manevr qabiliyyətinə malik hava hədəflərindən yaranan təhdidlərə qarşı hazırlanıb.
Sınaqda yüksəksürətli reaktiv mühərrikli PUA-ları və qanadlı raketləri simulyasiya edən, müxtəlif istiqamət və hündürlüklərdən gələn hava hədəflərindən istifadə olunub.
Real əməliyyat şəraitinin yaradılması məqsədilə sınaq boyu gəminin 5-10 uzel sürətlə hərəkət etməsi təmin edilib.
Sınaq "Gökdeniz"in hədəfin aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə başlama proseslərini avtomatik şəkildə yerinə yetirdiyi avtonom rejimdə keçirilib. Operatorun müdaxiləsi yalnız bir düyməni basmaqla atışa təsdiq verməklə məhdudlaşıb.
Bu prosesləri avtomatlaşdıran "Gökdeniz" vaxtın həlledici əhəmiyyət daşıdığı dəniz müdafiəsi ssenarilərində reaksiya müddətini azaldır. Sistem eyni zamanda sürətli aşkarlama, dəqiq izləmə və hədəfin effektiv zərərsizləşdirilməsi imkanlarını təqdim edir.
Sistem operator müdaxiləsinə ehtiyac olmadan, atış da daxil olmaqla, hədəfin zərərsizləşdirilməsi üzrə bütün prosesi müstəqil şəkildə icra edə bildiyi tam avtonom iş rejiminə də malikdir.
Təkmil sensor imkanlarını yüksək reaksiya sürətinə malik silah sistemi ilə birləşdirən "Gökdeniz" dəniz platformalarına yeni nəsil hava təhdidlərinə qarşı kritik əhəmiyyətli yaxın hava hücumundan müdafiə qatı təqdim edir.
ASELSAN həmçinin qısa müddət əvvəl EURONAVAL sərgisində ticarət gəmiləri üçün çevik seçim yaradan, yerləşdirilə bilən, konteyner tipli "Gökdeniz"i təqdim edib.
Türkiyə Hərbi Dəniz Qüvvələri ilə yanaşı, 6 müxtəlif ölkənin donanması tərəfindən də seçilən "Gökdeniz" ixrac uğurları ilə ASELSAN-ın beynəlxalq bazardakı mövqeyini gücləndirməyə davam edir.












