Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar KIZILELMA"nın təhlükəsizlik qüvvələrinə təhvil verilməsi beynəlxalq mediada geniş əks-səda doğurub. İlk üç təyyarənin istismara verilməsi bir sıra nüfuzlu xarici nəşrlərin diqqət mərkəzində olub.
Amerika müdafiə mediası bu hadisəyə xüsusi yer ayırıb. Nüfuzlu "Aviation Week" nəşri xəbəri "Türkiyə ordusu ‘‘Baykar KIZILELMA’’nı təhvil aldı" başlığı ilə yayımlayaraq, "Baykar" şirkətinin dünya aviasiya tarixində bir ilkə imza atdığını bildirdi. ABŞ-da fəaliyyət göstərən "Al-Monitor" nəşri isə "KIZILELMA"nın inventara daxil edilməsini və bu sistemin Türkiyə Hərbi Hava Qüvvələrinə qazandıracağı yeni strateji imkanları təhlil edib.
"KIZILELMA"nın istismara verilməsi Yunanıstan mətbuatında da geniş işıqlandırılıb. Müdafiə sahəsində ixtisaslaşan "OnAlert" nəşri təyyarənin indiyədək 600 sınaq və təlim uçuşu həyata keçirdiyini vurğulayıb. "Ptisi" jurnalı isə pilotsuz döyüş təyyarəsinin hava-hava döyüş qabiliyyətini və pilotlu qırıcılarla birgə əməliyyat aparma potensialını qiymətləndirib.
Rusiyanın "EADaily" xəbər agentliyi bu mühüm hadisəni oxucularına "Ənənəvi aviasiyaya meydan oxuma" başlığı ilə təqdim edib. Azərbaycanın "Oxu.az" xəbər portalı da ilk üç "KIZILELMA"nın təhvil verilməsini və təyyarənin gələcək döyüş imkanlarını ətraflı işıqlandırıb.















