Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Müdafiə Sazişi çərçivəsində rəsmi Ankaranın siyasətinin Səudiyyə Ərəbistanının müdafiəsinə yönəldiyini, Yəməndə isə hərbçi saxlamaqla bağlı hər hansı qərarın olmadığını bildirib.
Nazir H.Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı institusionallaşma işlərinin davam etdiyini, ittifaq daxilində əsas qərarların qəbul olunduğunu və əsas mexanizmlərin yaradıldığını qeyd edib. O, həm hərbi qərargahın, həm də katibliyin formalaşdırılması ilə bağlı qərarların artıq qəbul edildiyini xatırladıb.
Məkkə Müdafiə Sazişinin qarşısında duran sınaqlardan birinin də Yəməndəki hadisələr olduğunu vurğulayan H.Fidan buradakı problemin Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid etdiyini deyib. Nazirin sözlərinə görə, bu təhdidin sona çatmaması Türkiyənin daxili siyasətinin də gündəmində yer alır.
H.Fidan regiondakı bir çox çətinliyin bölgədə davamlı ittifaqlar sisteminin olmamasından qaynaqlandığını bildirib. O, bunun səbəblərindən birinin regiondakı milli dövlətlərin gec formalaşması olduğunu vurğulayıb.
Yaxın Şərqdəki milli dövlətlərin quruluşunun hələ təzə olduğuna işarə edən H.Fidan oradakı güc balansının, kapitalın və xüsusilə Körfəz ölkələri arasındakı münasibətlərin oturuşmasının vaxt apardığına diqqət çəkib.
Bundan əlavə, H.Fidan Türkiyənin uzun müddətdir Səudiyyə Ərəbistanına müdafiə sənayesi məhsulları satdığını xatırladaraq deyib: "Məkkə Müdafiə Sazişinin ən mühüm sütunlarından biri də müdafiə sənayesi sahəsində quracağımız əməkdaşlıqdır".
Türkiyənin öz texnologiyasını və imkanlarını da inkişaf etdirdiyinə diqqət çəkən nazir H.Fidan bu imkanların hansı ölkələrlə bölüşüləcəyinin təkcə iqtisadi deyil, həm də strateji seçim olduğunu vurğulayıb.
Hakan Fidan Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə ilə yanaşı, gələcək mərhələdə digər region ölkələrinin də iştirakı ilə inkişaf etdiriləcək iqtisadi əməkdaşlığın əhəmiyyətinə toxunub. O, bu məsələ ilə bağlı belə deyib: "Bizim hazırkı siyasətimiz Səudiyyə Ərəbistanının müdafiəsinə yönəlib, Yəmən ərazisində hərbçi yerləşdirilməsi ilə bağlı qəbul edilmiş qərar yoxdur. Lakin Səudiyyə Ərəbistanının müdafiəsi üçün lazımi dəstək göstərilir".














