NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığı (JFCBS) Eskişəhirdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçinin şəhid olması münasibətilə Türkiyəyə başsağlığı verib.
Komandanlığın "X" sosial media platformasındakı hesabında edilən paylaşımda bu ifadələr yer alıb:
"Bu gün baş verən helikopter qəzasında 5 hərbçinin həyatını itirməsi münasibətilə müttəfiqimiz Türkiyəyə ən dərin hüznlə başsağlığı veririk. Onların ailələri, yaxınları və silahdaşlarının yanındayıq. Türkiyənin ağrısını bölüşür, matəminə şərik olduğumuzu bildiririk”.
Milli Müdafiə Nazirliyi Eskişəhirdə təlim uçuşu zamanı Hərbi Hava Qüvvələri Komandanlığına məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçinin şəhid olduğunu bildirmişdi.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi şəhid olub.




















