Rusiya dövləti Ukrayna ilə yeni bir əsir mübadiləsinin həyata keçirildiyini bəyan edib. Mübadilə nəticəsində hər iki tərəfdən 185 hərbçi ölkəsinə qaytarılıb. Rusiya Müdafiə Nazirliyinin iyunun 5-də verdiyi bəyanatda Birləşmiş Ərəb Əmirliklərinin sözügedən hərbi əsir mübadiləsində vasitəçilik etdiyi bildirilib.
Açıqlamada rusiyalı hərbçilərin hazırda Belarusda olduğu və Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratovanın da hərbçilərin yanında olduğu qeyd edilib.
Nazirliyin bəyanatında deyilir: "Azad edilən hərbçilər hazırda Belarusdadır. Onlara burada psixoloji və tibbi yardım göstərilir. Daha sonra hərbçilər müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəklər."
Ukraynanın bəzi yüksək vəzifəli rəsmiləri mübadilə üçün hazırlıqların son həftələrdə başladığını bildiriblər.
Qeyd edək ki, tərəflər arasındaki əsir mübadiləsi Ukrayna prezidenti Volodimir Zelenskinin dörd ildir davam edən münaqişəyə son qoymaq üçün rusiyalı həmkarı Vladimir Putinə üz-üzə görüşmək təklifini irəli sürməsindən bir gün sonra baş tutub.
Rusiya Müdafiə Nazirliyi tərəfindən edilən bəyanatda bildirilib: "İyunun 5-də Kiyev rejiminin nəzarətindəki torpaqlardan 185 rusiyalı hərbçi qaytarılıb. Bunun müqabilində 185 ukraynalı hərbi əsir təhvil verilib."
V.Zelenski azad edilən bəzi ukraynalı hərbçilərin 2022-ci ildən bəri Rusiyada saxlanıldığını ifadə edib. O, sosial şəbəkə hesabında bu sözləri paylaşıb: "İnsanlarımızın geri qaytarılması Ukrayna üçün hər zaman prioritet məsələdir. Hər gün hər bir ukraynalı kişinin və qadının əsirlikdən xilas edilməsi üçün çalışırıq."














