DÜNYA
1 dəqiqə oxuma
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş rəsmi internet səhifəsində etdiyi paylaşımda bölgədəki ağır vəziyyətlə bağlı xəbərdarlıq edib
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib / Anadolu Agency (Wire)
 

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş rəsmi internet səhifəsində etdiyi paylaşımda bölgədəki ağır vəziyyətlə bağlı xəbərdarlıq edib. O bildirib ki, İsrailin hücumları, xəstəliklər və qəzalar nəticəsində 2025-ci ildə Qəzzada ölüm hallarının sayının 2022-ci illə müqayisədə dörd dəfədən çox artaraq 24 650-yə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, 2022-ci ildə bu rəqəm 6 061 idi.

Nazirlik rəsmisi bölgədə meningit hallarının artması və içməli suyun çirklənməsi fonunda böhranın daha da dərinləşdiyini vurğulayıb. Onun sözlərinə görə, kanalizasiya sisteminin və çirkab sularının təmizlənməsi qurğularının sıradan çıxması tullantı sularının yağış suları vasitəsilə içməli suya qarışmasına və infeksion xəstəliklərin yayılmasına zəmin yaradır.

Munir əl-Burş qeyd edib ki, qidalanma çatışmazlığı uşaqları xəstəliklərə qarşı daha həssas edir, xəstəxanaların dağıdılması və dərman qıtlığı isə vaxtında diaqnoz və müalicəni çətinləşdirir.

Baş direktor beynəlxalq ictimaiyyəti, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) və UNICEF-i təcili tədbirlər görməyə çağırıb. O, su və kanalizasiya şəbəkələrinin bərpası üçün bölgəyə yanacaq və avadanlıqların, xəstəxanalara isə laboratoriya avadanlıqları və dərmanların çatdırılmasını tələb edib.

Xatırladaq ki, Qəzza Səhiyyə Nazirliyi ötən gün bölgədə meningitə yoluxma hallarında qeyri-adi və narahatedici artım qeydə alındığını bəyan edib.