Avropa Qərbi Trakiya Türk Federasiyasının (ABTTF) yazılı açıqlamasında İstanbulun Böyükada adasında yerləşən Özəl Yunan İbtidai Məktəbinin yenidən açıldığı bildirilib. Qeyd olunub ki, 1999-cu il Mərmərə zəlzələsində zərər gördüyü üçün bağlanan məktəb 2 il davam edən bərpa işlərindən sonra yenidən tədrisə başlayıb.
Açıqlamada Türkiyədə 2013-cü ildə Gökçeada adasında 3 şagirdlə bir yunan məktəbinin, bu il isə Böyükadada 4 şagirdlə yunan ibtidai məktəbinin yenidən açıldığı xatırladılıb. Bununla müqayisədə Yunanıstanda türk məktəblərinin şagird çatışmazlığı bəhanəsi ilə bağlanması tənqid edilib.
Yunanıstan Təhsil Nazirliyinin qərarı ilə 2026-2027-ci tədris ilində Qərbi Trakyada daha 8 türk ibtidai məktəbinin bağlandığı vurğulanıb. Açıqlamada buradakı türklərin Lozanna müqaviləsi ilə təminat altına alınan təhsil muxtariyyətinə hörmət edilməsi tələb olunub.
Həmçinin türk və yunan dillərində təhsil verəcək ikidilli uşaq bağçalarının açılması, eləcə də İskeçe Türk Orta Məktəbi və Liseyi üçün yeni binanın ayrılması və ya tikilməsi ilə bağlı tələblərin yerinə yetirilmədiyi qeyd edilib.
Türk məktəblərindəki şuranın səlahiyyətlərinin getdikcə məhdudlaşdırıldığına diqqət çəkilən açıqlamada bəzi şura sədrlərinin və üzvlərinin hətta fəaliyyət göstərdikləri məktəblərə daxil olmasına belə icazə verilmədiyi bildirilib.
Açıqlamada deyilir: "Qərbi Trakiya türkləri olaraq ölkəmizdən imtiyaz deyil, ikitərəfli və beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarımızın tam şəkildə tətbiq olunmasını, təhsil muxtariyyətimizə və ana dilində təhsil hüququmuza hörmət göstərilməsini istəyirik".














