SİYASƏT
2 dəqiqə oxuma
İsrail mediası: Netanyahu İrana yeni zərbələr üçün Trampa təzyiq göstərir
Netanyahunun İrana qarşı yeni ortaq hərbi əməliyyat üçün ABŞ Prezidenti Donald Trampa təzyiq göstərdiyi, Vaşinqton administrasiyasının isə Körfəz ölkələrinin etirazları, cavab zərbəsi riski...
İsrail mediası: Netanyahu İrana yeni zərbələr üçün Trampa təzyiq göstərir
Tramp-Netanyahu (REUTERS) / Reuters
 

Netanyahunun İrana qarşı yeni ortaq hərbi əməliyyat üçün ABŞ Prezidenti Donald Trampa təzyiq göstərdiyi, Vaşinqton administrasiyasının isə Körfəz ölkələrinin etirazları, cavab zərbəsi riski və neft qiymətlərindəki artım səbəbindən qərar mərhələsində ehtiyatlı davrandığı bildirilib.

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, ABŞ-nin il sonundan əvvəl bölgədəki hərbi mövcudluğunu azalda biləcəyi ehtimalından narahat olan İsrailin müvəqqəti Baş naziri Benyamin Netanyahu Vaşinqtona 4-7 gün davam edəcək birgə hava zərbəsi üçün təzyiq göstərir.

İsraildə müxalifət lideri Gadi Eyzenkotun hökumət qurmaq cəhdlərinə mane olmağa çalışdığı bildirilən Netanyahunun İrana qarşı yeni zərbələr endirilməsində israrlı olduğu qeyd edilir.

Buna baxmayaraq, Tel-Əviv rəhbərliyi ilə İsrail ordusunun komanda heyəti arasında zərbənin vaxtı və hədəfləri ilə bağlı fikir ayrılıqları yaranıb.

KAN-a danışan yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, Netanyahunun dəstəklədiyi zərbə İranın hərbi potensialına ziyan vuracaq, lakin “rejimin devrilməsinə səbəb olmayacaq”.

İsrail Baş Qərargah rəisi Eyal Zamirin isə ABŞ ilə tam koordinasiya təmin edilmədən addım atılmamalı olduğunu vurğuladığı və uzunmüddətli yorucu müharibəyə sürüklənmək təhlükəsi barədə xəbərdarlıq etdiyi bildirilir.

“Maariv” qəzetinə danışan israilli hərbi mənbələr isə iddia edib ki, ABŞ və İsrailin keçmişdəki iki ayrı zərbəsindən fərqli olaraq, bu dəfə İranı hazırlıqsız yaxalamaq ehtimalı yoxdur və ilk addım Tehrandan gələ bilər.

Xəbərdə qeyd olunur ki, mümkün ABŞ zərbəsindən əvvəl məxfiliyin qorunması məqsədilə İsrail ordusu və Daxili Cəbhə Komandanlığı xüsusi protokol hazırlayıb.

Bu protokola əsasən, ABŞ zərbə qərarını Tel-Əvivə bildirdikdən sonra İsrail ictimaiyyəti xəbərdar edilməyəcək; yalnız mülki təyyarə donanmasının təxliyyəsi üçün aviasiya rəhbərləri və enerji sektoru kimi kritik sahələrdəki məhdud sayda səlahiyyətli şəxs məlumatlandırılacaq.

Daxili Cəbhənin Komandanlığı altında xilasetmə batalyonlarının gizli missiyalar çərçivəsində strateji nöqtələrə yerləşdiriləcəyi və ictimaiyyətə yalnız İrana qarşı ilk hücum dalğası başa çatdıqdan sonra media orqanları vasitəsilə məlumat veriləcəyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp isə son açıqlamasında İranla bağlı tələsmədiyini bildirib: “İranla bağlı hər hansı qərarı tələsik verməyəcəyəm. Yeni ildən sonra nələrin baş verəcəyini görəcəyik”.