Amerika Birləşmiş Ştatlarının Milli Kiber direktoru Şon Kernkross vəzifəsindən azad edilib. Ağ Evə yaxın mənbə AFP agentliyinə açıqlamasında bildirib ki, Kernkrossun vəzifədən uzaqlaşdırılması genişmiqyaslı texnoloji nasazlıqların və süni intellektlə bağlı təhdidlərlə əlaqədar narahatlıqların artdığı dövrə təsadüf edir.
Mənbə noyabrın 19-da verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın Kernkrossun vəzifə üçün tələb olunan keyfiyyətlərə malik olmadığı əsası ilə azad edilməsini tam dəstəklədiyini söyləyib.
Kernkrossun yerinə Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları direktoru Kirsten Devis səlahiyyətlərini icra edən şəxs kimi təyin edilib. Mənbənin sözlərinə görə, Devis vəzifə üçün daha uyğun keyfiyyətlərə malikdir və onun təyinatı əvvəllər Senat tərəfindən təsdiqlənib.
K.Devis əvvəllər ABŞ-nin müdafiə naziri Pit Heqsetin informasiya idarəçiliyi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təminatı üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.
O, bundan əvvəl 2016-cı il seçkiləri zamanı Respublikaçıların Milli Komitəsinin Əməliyyatlar Direktoru vəzifəsini icra edib.
ABŞ-də son gün və həftələrdə baş verən iri miqyaslı texnoloji nasazlıqlar milyonlarla insanın istifadə etdiyi nəqliyyat, rabitə və elektron ticarət xidmətlərinin işini pozub. Nasazlıqlar həmçinin Milli Təhlükəsizlik Agentliyinin ciddi məxfi daxili rabitə şəbəkəsinə də təsir göstərib.
Rəsmilərdən açıqlama
ABŞ-nin yüksək vəzifəli təhlükəsizlik rəsmiləri isə noyabrın 17-də Konqresdə çıxışları zamanı ölkədə son dövrlərdə yaşanan iri miqyaslı texnoloji nasazlıqların bir-biri ilə əlaqəli olmadığını və bədniyyətli şəxslərin fəaliyyəti nəticəsində yaranmadığını bildirib.
Milli Kəşfiyyat direktoru Cey Klayton Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin qlobal təhdidlərə dair iclasında çıxış edərək nasazlıqların bir-birindən asılı olmadığını söyləyib.
Klayton: “Bunlar texniki xidmət işləri və texniki dəyişikliklərlə bağlı, bir-birindən ayrı xidmət fasilələridir” deyib.
Milli Kəşfiyyat direktorunun açıqlamalarını daxili təhlükəsizlik naziri Markveyn Mallin və FTB direktorunun müavini Kristofer Raia da dəstəkləyib.















