İranın martın 10-da Səudiyyə Ərəbistanı və Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməsi bölgədə gərginliyi artırıb. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın müharibənin müddəti ilə bağlı bir-birinə zidd açıqlamalar verməsi qeyri-müəyyənliyi daha da dərinləşdirib. Bu vəziyyət dünya bazarlarında kəskin dalğalanmalara və sabitliyin pozulmasına səbəb olub.
Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ rəsmiləri İrandan gələn hava hücumlarının qarşısının alındığını bəyan ediblər. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin neftlə zəngin şərq vilayətlərinə yönələn dronların məhv edildiyini bildirib. Eyni zamanda, Küveyt Milli Qvardiyası ölkənin şimal və cənub sərhədlərində bir neçə pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bənzər hücumlarla üzləşdiyini bəyan edib. Ölkənin Müdafiə Nazirliyi ‘‘X’’ platforması vasitəsilə yaydığı məlumatda İrandan atılan raket və dronların hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirildiyini qeyd edib. Nazirlik hazırda bütün təhdidlərin yaxından izlənildiyini və müdafiə tədbirlərinin davam etdirildiyini vurğulayıb.
İranın Körfəz ölkələrinə qarşı son hücumları Donald Trampın müharibənin gedişatı ilə bağlı verdiyi bir-birinə zidd bəyanatlarla eyni vaxta təsadüf edib. Martın 9-da respublikaçı qanunvericilərlə görüşündə müharibənin "qısamüddətli əməliyyat" olacağını deyən Tramp, bir neçə saat sonra sosial mediada tamamilə fərqli xəbərdarlıq edib. O, bildirib ki, əgər İran Hörmüz boğazını bağlamağa cəhd edərsə ABŞ-ın hərbi cavab zərbələri daha kəskin və şiddətli olacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Naini qətiyyətli mövqe nümayiş etdirərək, müharibənin nə vaxt bitəcəyinə Vaşinqtonun deyil, məhz Tehranın qərar verəcəyini vurğulayıb.
Bölgədəki hərbi gərginlik artıq iqtisadiyyatlara da mənfi təsirini göstərməyə başlayıb. Yaxın Şərqdəki müharibənin təsiri ilə neftin dünya bazarında bahalaşması Misiri sərt addımlar atmağa məcbur edib. Qahirə rəhbərliyi martın 10-dan etibarən ölkədə yanacaq qiymətlərini 17 faizə qədər artırdığını elan edib.
Yaxın Şərqdəki müharibə bölgənin ən çox əhalisi olan ölkəsi Misirə ağır iqtisadi zərbə vurub. Yanacaq idxalından ciddi şəkildə asılı olan bu ölkədə milli valyuta ABŞ dolları qarşısında rekord səviyyədə dəyər itirərək 52 həddini keçib. İqtisadi çöküşün qarşısını almaq üçün rəsmi Qahirə sərt qənaət tədbirlərinə başlayıb.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi təhdidlərinin dozasını artırıb. Tramp bəyan edib ki, əgər Tehran Hörmüz boğazından neft daşınmasına mane olmağa davam edərsə, ABŞ-ın cavab zərbələri əvvəlkilərdən 20 dəfə daha güclü olacaq. Sosial mediada paylaşım edən prezident bildirib ki, ABŞ İranın ən kritik strateji obyektlərini hədəf alacaq. O, bu zərbələrin elə bir səviyyədə olacağını vurğulayıb ki, İran bir dövlət olaraq yenidən ayağa qalxa bilməyəcək.
Tramp bu təhdidlərin Yaxın Şərq neftindən asılı olan ölkələr, xüsusilə də Çin üçün bir növ "hədiyyə" olduğunu bildirib.










