Tailand Kamboca ilə sülh sazişini dayandırdı
Tailand sərhəd əyalətlərindən birində mina partlayışı nəticəsində hərbçilərinin ağır yaralanmasından sonra Kamboca ilə olan sülh sazişini dayandırıb.
Tailand sərhəd əyalətlərindən birində mina partlayışı nəticəsində hərbçilərinin ağır yaralanmasından sonra Kamboca ilə olan sülh sazişini dayandırıb.
“Thai PBS” yayım orqanının məlumatına görə, Tailandın Baş naziri Anutin Çarnvirakul bildirib ki, oktyabrın 26-da Kuala Lumpurda imzalanmış Tailand–Kamboca Münasibətləri haqqında Birgə Bəyannamə çərçivəsində bütün əməliyyatlar dərhal dayandırılmalıdır.
İki ölkə həmin sazişi ABŞ Prezidenti Donald Tramp və Malayziya Baş naziri Ənvər İbrahimin iştirakı ilə imzalayıb.
Kamboca və Tailand həftələrlə davam edən döyüşlərdən sonra iyulun 28-də Ənvər İbrahimin ev sahibliyində keçirilən üçtərəfli görüşdə qeyd-şərtsiz atəşkəs barədə razılığa gəlmişdilər.
Baş nazir Anutin deyib:“Ümid etdiyimiz kimi düşmənçilik hələ də tam səngiməyib. Bu səhər baş verən hadisədən sonra əməkdaşlığı davam etdirmək mümkün deyil’’.
Məlumata görə, partlayış noyabrın 10-da əsgərlər Si Sa Ket sərhəd əyalətində patrul xidməti həyata keçirərkən baş verib.
Partlayış nəticəsində iki əsgər yaralanıb — onlardan biri ayağını itirib, digəri isə sinəsindən xəsarət alıb.
Anutin jurnalistlərə açıqlamasında bildirib ki, sülh sazişi ilə bağlı gələcək addımlar yalnız Tailandın milli maraqlarına uyğun olduğu təqdirdə atılacaq.
Müdafiə naziri general Nattafon Nakpaniç qeyd edib ki, rəsmi etirazlar dərhal təqdim ediləcək.
Hökumət sözçüsü Siripong Angkasakulkiat isə bildirib ki, qərarın daimi və ya müvəqqəti xarakter daşıyıb-daşımadığını demək üçün hələ tezdir.
“Khmer Times” qəzetinin məlumatına görə, Kamboca tərəfi Kuala Lumpur Birgə Bəyannaməsinə sadiqliyini bir daha vurğulayıb.
Milli Müdafiə Nazirliyinin rəsmisi, general-leytenant Rat Dararot deyib:
“Rəsmi Pnompen öhdəliklərini yerinə yetirməkdə qərarlıdır və hər iki ölkənin, eləcə də xalqların qarşılıqlı rifahı naminə Tailandla sıx əməkdaşlıq etməyə hazırdır’’.
Kamboca Xarici İşlər Nazirliyi noyabrın 10-da yaydığı bəyanatda, Tailandın sülh sazişini dayandırmaq qərarından “dərin narahatlıq” keçirdiyini bildirib. Nazirliyin rəsmi “Facebook” səhifəsində paylaşılan açıqlamada deyilir:
“Kamboca Kral Hökuməti Taylandın Kamboca tərəfindən sərhəd boyunca yeni minalar yerləşdirildiyi barədə iddiasını qəti şəkildə rədd edir’’.
Bəyanatda qeyd olunub ki, 1970–1980-ci illərdə Kambocada baş verən vətəndaş müharibələri zamanı və sonrakı onilliklər ərzində Kamboca–Tailand sərhədi boyunca formalaşan mina sahələri hələ də tam təmizlənməyib. Bunun səbəbi kimi çətin relyef və sərhəd xəttinin dəqiq müəyyən olunmaması göstərilib.
Açıqlamada bildirilib ki, Kamboca beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsinə sadiqdir.