Yunanıstan və İsrail təxminən 1 milyard avro dəyərində yeni müdafiə paketi üzrə danışıqlara başlayıb.
Yunanıstanın "Kathimerini" qəzetinin məlumatına görə, müzakirə olunan paketə 400 kilometr mənzilli LORA ballistik raketlərinin tədarükü və hərbi hava qüvvələri təlim mərkəzinin genişləndirilməsi daxildir. Nəşr tərəflər arasında danışıqların davam etdiyini və hələlik yekun razılaşmanın əldə olunmadığını yazıb.
Məqalədə müzakirələrin ən mühüm hissəsini radioelektron mübarizə sistemlərinin təşkil etdiyi vurğulanıb. Bu sahə "Türkiyənin böyük irəliləyişlər əldə etdiyi istiqamət" kimi xarakterizə olunub və Yunanıstan Silahlı Qüvvələrinin də məhz bu potensialını gücləndirməyi hədəflədiyi bildirilib.
Xatırladaq ki, iki ölkə avqust ayında təxminən 3 milyard avro dəyərində "Axilles Qalxanı" hava hücumundan müdafiə müqaviləsi imzalayıb.












