DÜNYA
1 dəqiqə oxuma
Vladimir Putin Ukraynadakı cəbhə xəttinə səfər edib
Bu barədə Kremlin dekabrın 1-də yaydığı məlumatda bildirilib
Vladimir Putin Ukraynadakı cəbhə xəttinə səfər edib
Vladimir Putin Ukraynadakı cəbhə xəttinə səfər edib / Reuters
2 dekabr 2025

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı cəbhə xəttinə səfər edib. Bu barədə Kremlin dekabrın 1-də yaydığı məlumatda bildirilib.

Məlumata görə, Baş Qərargah rəisi Valeri Gerasimov, Mərkəzi Qrupun komandiri Valeri Solodçuk və Vostok Qrupunun komandiri Andrey İvanayev cəbhədəki vəziyyət barədə Vladimir Putinə məlumat veriblər.

Rusiya hərbi rəsmilərinin sözlərinə görə, Donetsk vilayətindəki Pokrovsk və Xarkov vilayətindəki Volçansk şəhərləri yenidən Rusiyanın nəzarətinə keçib.

Putin komandirlərə və əsgərlərə təşəkkür edib və Pokrovsk bölgəsində əldə edilən uğurun əhəmiyyətini vurğulayıb.
"Bu, xüsusi hərbi əməliyyatın əvvəlində qarşımıza qoyduğumuz bütün əsas məqsədlərə ardıcıl olaraq nail olmağa imkan verəcək," – deyə Vladimir Putin bildirib.

Gerasimov bildirib ki, Ukrayna qüvvələri Kupyansk və Pokrovsk cəbhələrindəki qoşunlarını mühasirədən çıxarmağa çalışır və digər cəbhələrdə əks-hücum əməliyyatlarına başlayıb.

Vostok Qrupunun komandiri İvanayev isə Zaporojye və Dnepropetrovsk bölgələrində irəliləyiş əldə edildiyini qeyd edib. O, Rusiya qüvvələrinin Hulyaipole şəhərinə daxil olduğunu və Dobropillya yaşayış məntəqəsini ələ keçirdiyini iddia edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya hərbi rəsmilərinin qeyd etdiyi bölgələrdə vəziyyətin gərgin olduğunu təsdiqləyib. Pokrovsk haqqında danışan Zelenski deyib:
"Heç kim əsgərləri xarabalıqlar uğrunda ölməyə məcbur etmir. Mən oradakı əsgərləri, xüsusən də komandirləri dəstəkləyəcəyəm ki, onlar vəziyyətə nəzarəti ələ keçirə bilsinlər’’.