Ötən il Qəzzada İsrailin hava zərbəsi nəticəsində öldürülən fələstinli hərbi müxbir Məryəm Əbu Dəqqa müstəqil çalışan video-jurnalistlərə verilən nüfuzlu "Rory Peck" mükafatına ölümündən sonra layiq görülüb.
Mükafat təşkilatçıları tərəfindən verilən açıqlamada mükafatın Əbu Dəqqaya verildiyi bəyan edilib.
Əbu Dəqqa "müharibənin insanlıq üzərindəki ağır nəticələrini güclü şəkildə çatdırdıqları" əsası ilə "Associated Press"dən iki həmkarı — Əbdül Kərim Hana və Cihad Əlşərafi ilə mükafatı bölüşüb.
Qeyd edək ki, Əbu Dəqqa 2025-ci ilin avqustunda Qəzzanın cənubundakı Nasir Xəstəxanasını hədəf alan İsrail hava zərbəsində öldürüləndə 33 yaşında idi. Hücumda daha dörd jurnalist həyatını itirmişdi.
Müstəqil fotoqraf və video müxbir olan Əbu Dəqqə 2023-cü ilin oktyabrında başlayan soyqırımı xarakterli müharibənin əvvəlindən etibarən AP ilə əməkdaşlıq edərək hadisələri işıqlandırırdı.
AP-nin icraçı redaktoru Culi Peys bildirib: “Jurnalistlər hadisələrin sənədləşdirilməsində və ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayır, çox vaxt isə bunu böyük şəxsi riskin hesabına edirlər. Biz Məryəmi və bu münaqişədə, eləcə də digər münaqişələrdə həlak olmuş bütün jurnalistləri yad edirik və onların ölümü ilə bağlı suallara cavab axtarmağa sadiq qalırıq”.
1995-ci ildə, 1993-cü ildə Moskvada baş verən konstitusiya böhranını işıqlandırarkən həlak olmuş sərbəst video jurnalist Rori Pekin xatirəsinə təsis edilən illik mükafat dünyanın müxtəlif yerlərində çalışan sərbəst xəbər toplayıcılarının cəsarətini, müstəqilliyini və mühüm töhfələrini qiymətləndirir.














