İran Parlamentinin açıq iclasında çıxış edən İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə yaşanan gərginliklə bağlı açıqlamalar verib.
ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin bəyanatlarına reaksiya göstərən Qalibaf İrana yönəlmiş təhdid və iqtisadi təzyiqlərin davam etdirilməsinin Vaşinqtonun İran qarşısındakı çarəsizliyinin göstəricisi olduğunu müdafiə edib.
Qalibaf ABŞ ilə danışıqlar məsələsində İranın mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayaraq deyib: “Daha əvvəl də dediyimiz kimi, İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq”.
ABŞ-nin mümkün hücumlarına cavab verməyə hazır olduqlarını bildirən Qalibaf onu da deyib ki, düşmən bir səhvə yol verərsə, müharibənin coğrafiyasını dəyişdirmək də daxil olmaqla qətiyyətli bir cavab verməyə hazırıq.
Tehran rəhbərliyi ABŞ ilə hərtərəfli danışıqların başlaması və Hörmüz boğazının açıla bilməsi üçün irəli sürdüyü 7 şərtin yerinə yetirilməsində israr edir.
İranın ABŞ-yə təqdim etdiyi şərtlər arasında dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazından ticarət və neft gəmilərinin təhlükəsiz keçidinə zəmanət verilməsi, Tehrana qarşı birtərəfli sanksiyaların ləğvi, İrana neft ixracatı güzəştinin verilməsi, dondurulmuş aktivlərin sərbəst buraxılması və müharibənin bütün cəbhələrdə dayandırılması kimi şərtlər yer alır.













