İran ordusunun pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı açıqlaması strateji əhəmiyyətə malik Hörmüz boğazından keçidlər mövzusundakı fikir ayrılıqlarının danışıqları axsatmağa davam etdiyi vaxtda verilib.
İran ordusu ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin Körfəz bölgəsi üzərindəki hava məkanında Amerika Birləşmiş Ştatlarına məxsus "Lucas" və MQ-9 tipli iki hərbi pilotsuz uçuş aparatını məhv etdiyini iddia edib.
İran Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yarırəsmi "Tasnim" xəbər agentliyi tərəfindən yayılan açıqlamasında "Lucas" tipli pilotsuz uçuş aparatının Hörmüz boğazının qərbində, Hava Hücumundan Müdafiə Qüvvələrinin yerli sistemləri ilə məhv edildiyi bildirilib.
İran ordusu həmçinin ABŞ-yə məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatının strateji əhəmiyyətli boğazın şərqində uçuş həyata keçirdiyi vaxt vurularaq məhv edildiyini bəyan edib.
Amerikalı müdafiə rəsmilərindən iddialarla bağlı hələlik hər hansı açıqlama və ya təsdiq gəlməyib.
Dəniz nəqliyyatında gərginlik
Pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı iddialar ABŞ və İsrailin fevral ayının sonlarında İrana qarşı müharibəyə başlaması ilə Yaxın Şərqdə artan və uzun müddətdir davam edən hərbi gərginliyin ortasında gündəmə gəlib.
Rəsmi Tehran İsrailə qarşı birbaşa raket və pilotsuz uçuş aparatı hücumları ilə yanaşı, Körfəz bölgəsi və qonşu ölkələrdəki Amerika hərbi obyektlərini hədəf alan hücumlarla cavab vermişdi.
Vaşinqton və Tehran rəhbərlikləri iyun ayında qarşıdurmalara son qoymağı hədəfləyən diplomatik çərçivə sazişinə nail olsalar da, sanksiyaların yumşaldılması, sazişin icrasına yönəlmiş tədbirlər və Hörmüz boğazından ticarət gəmilərinin fasiləsiz keçidini zəmamnət altına alacaq tənzimləmələr mövzusundakı ciddi fikir ayrılıqları səbəbindən rəsmi sülh danışıqları qısa müddətdə dalana dirənmişdi.
İyul ayından bəri tərəflər arasında fasilələrlə yenidən alovlanan silahlı toqquşmalar və qarşılıqlı hücumlar müharibəyə birdəfəlik son qoymağa yönəlmiş çoxtərəfli diplomatik təşəbbüsləri də çətinləşdirir.














