Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə həyata keçirdiyi hava hücumu nəticəsində 2 mülki şəxs həyatını itirib, 41 nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə (DSNS) məxsus sosial media hesabında edilən paylaşımda Rusiyanın bu gecə Zaporojye şəhərini hədəf aldığı bildirilib.
Paylaşımda hücum zamanı şəhərdəki bəzi çoxmərtəbəli yaşayış binalarının zərbəyə məruz qaldığı qeyd olunub, hadisə yerində axtarış-xilasetmə işlərinin başladıldığı barədə məlumat verilib.
Həmçinin mövcud məlumatlara görə, hücum nəticəsində 2 mülki şəxsin öldüyü və 41 nəfərin yaralandığı ifadə edilib.
Rusiya ordusunun həmçinin Jitomir vilayətinə də hücum etdiyi çatdırılan açıqlamada, burada da 6 nəfərin yaralandığı bildirilib.
Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığına məxsus sosial media hesabında edilən yazılı açıqlamada da Rusiyanın ölkəyə atdığı 96 pilotsuz uçuş aparatından (PUA) 73-ünün məhv edildiyi vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynada bir yarımstansiyanı və bir gəmini vurduğunu bəyan edib.
Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hədəflərə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını davam etdirdiyi qeyd olunub.
Açıqlamada bildirilib ki, gecə Çerniqov vilayətinin Priluki yaşayış məntəqəsində hərbi sənaye müəssisələrinin fəaliyyətini təmin edən yarımstansiya ilə dənizdə hərbi yük daşıyan gəmi vurulub.













