"Leyla" serialı noyabrın 24-də Nyu-Yorkda keçirilən 54-cü beynəlxalq “Emmi” mükafatlarında "Ən yaxşı telenovela" seçilib. Türkiyə bu mükafatla birlikdə beynəlxalq televiziya sahəsindəki mühüm mükafatlardan daha birinə qazanıb.
"Ay Yapım" istehsalı olan "Leyla" bu kateqoriyada Türkiyədən "Uzak Şehir", Braziliyadan "Garota do Momento" və İspaniyadan "Valle Salvaje"nin ikinci mövsümü ilə rəqabət aparıb.
Braziliya serialı "Avenida Brasil"dən uyğunlaşdırılan "Leyla: Həyat... Eşq... Ədalət", ögey anası tərəfindən zibilliyə atılan, illər sonra qisas almaq üçün geri qayıdan və bu zaman sevgi ilə ədalətə dair suallarla üzləşən gənc bir qadının hekayəsindən bəhs edir.
Bu son mükafat Türkiyənin bu kateqoriyada 2017-ci ildə "Kara Sevda", 2023-cü ildə "Yargı" və 2025-ci ildə "Deha" ilə əldə etdiyi uğurların ardınca gəlib.
Aktyor Maykl Urinin (Michael Urie) aparıcılıq etdiyi mərasimdə 22 ölkədən 64 namizəd 16 kateqoriya üzrə mübarizə aparıb.
İngiltərə doqquz mükafatla birinci yeri tutarkən, Argentina, Belçika, Fransa, Almaniya, Cənubi Afrika və Türkiyədən olan ekran işləri də mükafat qazanıb.
"Ən yaxşı dram serialı" mükafatı Fransa istehsalı olan "Careme"yə, "Ən yaxşı komediya serialı" mükafatı isə Argentina istehsalı olan "Division Palermo"nun ikinci mövsümünə verilib.
"Ən yaxşı kişi aktyor" mükafatını İngiltərə istehsalı olan "Unforgivable" serialındakı performansına görə Bobbi Şofild (Bobby Schofield), "Ən yaxşı aktrisa" mükafatını isə Belçika istehsalı olan "Holy Sh!t"dəki roluna görə Mona Mina Leon qazanıb.
Digər qaliblər arasında "Ən yaxşı sənədli film" nominasiyasında "Louis Theroux: The Settlers", "Ən yaxşı cari hadisələr proqramı" nominasiyasında "Exposure: Breaking Ranks: Inside Israel's War" və "Ən yaxşı xəbər" nominasiyasında "Sky News"un "The World: 24 Hours in the Kill Zone" işi yer alıb.
Bela Bajaria “Təsisçilər” mükafatına, Gerhard Zayler (Gerhard Zeiler) isə “Direktorluq” mükafatına layiq görülüb.














