DÜNYA
2 dəqiqə oxuma
Zelenski PURL təşəbbüsü çərçivəsində ölkəsinə raketlərin tədarük edilməsini gözlədiklərini bildirib
Zelenski ölkəsində görüşlər keçirən Macarıstanın Baş naziri Peter Magyar ilə birgə mətbuat konfransı keçirib
Zelenski PURL təşəbbüsü çərçivəsində ölkəsinə raketlərin tədarük edilməsini gözlədiklərini bildirib
Zelenski ölkəsində səfərdə olan Macarıstanın Baş naziri Peter Magyarla birgə mətbuat konfransı keçirib. / AFP (Wire)
 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) təşəbbüsü çərçivəsində döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri üçün istifadə olunacaq raketlərin ölkəsinə tədarük ediləcəyini gözlədiklərini bildirib.

Zelenski ölkəsində səfərdə olan Macarıstanın Baş naziri Peter Magyarla keçirdiyi birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirib.

Macarıstanla əlaqələri daha da inkişaf etdirmək istədiklərini ifadə edən Zelenski Magyarla görüşündə iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlığı müzakirə etdiklərini qeyd edib.

Zelenski Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesinin davam etdiyini, bu prosesdə Macarıstanın dəstəyinin mühüm olduğunu deyib.

Ölkəsinə qarşı davam edən Rusiya raket hücumlarının qarşısını almaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməli olduğunu bildirən Zelenski bu istiqamətdə işləri davam etdirdiklərini vurğulayıb.

PATRIOT hava hücumundan müdafiə sistemində istifadə olunan raketləri istehsal etmək istədiklərini xatırladan Zelenski bu məsələ ilə bağlı daha əvvəl ABŞ-yə müraciət etdiklərini bildirib.

Zelenski ABŞ-nin sözügedən raketləri istehsal etmək üçün tələb olunan lisenziya hüququnu Ukraynaya hələ vermədiyini ifadə edib.

PURL təşəbbüsü çərçivəsində F-16 döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri üçün istifadə ediləcək raketlərin ölkəsinə tədarük olunacağını gözlədiklərini qeyd edən Zelenski deyib: "Çox mühüm bir raket paketi var və saziş imzalanıb".

Zelenski həmçinin ABŞ-dən 48 ədəd hava hücumundan müdafiə raketinin alınmasını da gözlədiklərini bildirərək, ABŞ müdafiə naziri Pit Heqsetin (Pete Hegseth) hələlik müvafiq sənədləri imzalamadığını söyləyib.

Ukraynanın dəstəyə və həmrəyliyə ehtiyacı olduğunu vurğulayan Zelenski onu da deyib ki, bu müharibə yalnız Avropanın, Amerikanın və həqiqi sülhü doğrudan da istəyən hər kəsin tam həmrəyliyi, Ukrayna ilə həmrəyliyi sayəsində dayandırıla bilər.