Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə polis qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində Yeni il ərəfəsində terror aktı hazırladığı müəyyən edilən DEAŞ terror təşkilatının üzvü İbrahim Burtakuç Malatya şəhərində saxlanılıb. Aparılan araşdırmalar zamanı onun ölkə daxilində və xaricində çoxsaylı DEAŞ üzvləri ilə əlaqədə olduğu üzə çıxıb. Əməliyyat çərçivəsində çox sayda rəqəmsal material və qadağan olunmuş nəşrlər də ələ keçirilib.
İstanbul Baş Prokurorluğu dekabrın 24-də Yeni il şənliklərini hədəf alan və DEAŞ-la əlaqəli olduğu müəyyən edilən 115 şübhəlinin İstanbul polisi tərəfindən saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, DEAŞ 2019-cu ildə Suriyada həyata keçirilən quru əməliyyatları zamanı məğlub edilsə də, ölkənin bəzi bölgələrində hələ də mövcudluğunu davam etdirir. Türkiyə Xarici İşlər Nazirliyi isə dekabrın 13-də Suriya və ABŞ qüvvələrini hədəf alan terror hücumunu pisləyərək rəsmi Ankaranın Suriyada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, eləcə də terrora qarşı görtətilən səyləri dəstəkləməyə davam edəcəyini bildirib.











