Prezident R.T.Ərdoğan STRATCOM 2026 Zirvəsində çıxış edib
Keçirilən tədbirə video müraciətlə qatılan Prezident beynəlxalq sistemin legitimlik böhranı yaşadığını qeyd edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 27-də (bu gün) Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən İstanbulda təşkil edilən “Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi 2026” (Stratcom Summit 26) tədbirində bildirib ki, İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər tərəfindən qurulan beynəlxalq sistem demək olar ki, hər sahədə ciddi legitimlik böhranı yaşayır.
Prezident R.T.Ərdoğan keçirilən tədbirə göndərdiyi video müraciətdə deyib: “İkinci Dünya müharibəsindən sonra qaliblər tərəfindən qurulan beynəlxalq sistem demək olar ki, bütün sahələrdə ciddi legitimlik böhranı yaşayır. Sistemin əsasını təşkil edən institutlar, qaydalar və dəyərlər sistemi gündən-günə funksionallığını itirir. Güc rəqabətinin enerji, texnologiya və ticarət kimi müxtəlif sahələrə yayıldığı, problemlərin dialoq əvəzinə silah yolu ilə həll edilməyə çalışıldığı, soyqırımların, müharibələrin və böhranların getdikcə daha da dərinləşdiyi mürəkkəb bir dövrdən keçirik. Qəzzada olduğu kimi, hamımızın qəlbini sızladan faciələrin sona çatdırılması, xüsusilə regionumuzda olmaqla, bütün dünyada sülhün, əmin-amanlığın və sabitliyin yenidən təmin edilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir.”
Həqiqətləri təhrif etmək məqsədilə formalaşdırılan yeni və saxta narrativlərin qarşısını almaq üçün kommunikasiya və əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkən Prezident dövlətlər və hökumətlərlə yanaşı, akademik dairələr, vətəndaş cəmiyyəti və araşdırma mərkəzləri də daxil olmaqla, beynəlxalq aktorları daha fəal mövqe tutmağa çağırıb.
Ölkə başçısı R.T.Ərdoğan əlavə edərək deyib: “Türkiyə olaraq insan dəyərlərini və ədaləti mərkəzə alan prinsipial, qətiyyətli və sülh yönümlü mövqeyimizi davam etdirməyə, təkcə regionumuzda deyil, bütün dünyada sabitlik və təhlükəsizliyin yenidən qurulması üçün bütün imkanlarımızı səfərbər etməyə qətiyyətlə davam edəcəyik.”