G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Toplantıda müdafiə xərcləri, ticarət məsələləri, Qəzza üzrə atəşkəs planı və Rusiya–Ukrayna müharibəsini bitirmək istiqamətindəki məsələlər müzakirə edilir
11-12 noyabr tarixlərində ABŞ dövlət katibi Marko Rubio ilə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyadan olan həmkarlarını qəbul etməyə hazırlaşan Kanadanın xarici işlər naziri Anita Anand, “The Associated Press”ə müsahibəsində bildirib ki, ticarət təzyiqlərinə baxmayaraq, iki ölkə arasındakı münasibətlərin bir çox sahədə davam etdirilməsi vacibdir.
A.Anand həmçinin Avstraliya, Braziliya, Hindistan, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, Cənubi Afrika və Ukraynanın xarici işlər nazirlərini də sammitə dəvət edib. Nazir A.Anand deyib: “Kanadanın məqsədi, bir çox ölkələrin bazarlarını xarici ticarətə bağladığı və birtərəfli qərarların artdığı bir dövrdə çoxtərəfli diplomatiyada lider mövqeyini qorumaqdır.”
Qeyd edək ki, bu il Kanadanın G7-yə ev sahibliyi, xüsusilə də prezident D.Trampın Kanadadan idxal olunan məhsullara tətbiq etdiyi gömrük rüsumları səbəbindən, iki ölkə arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Həmçinin bütün bu müttəfiq ölkələr hazırda D.Tramp administrasiyasının ticarət siyasəti və qlobal münaqişələri dayandırmaq istiqamətindəki təklifləri fonunda ciddi sınaqlarla üz-üzədir.
Əsas ixtilaf mövzuları
Sammitdə önə çıxan əsas mübahisə mövzularından biri müdafiə xərcləridir. Yaponiya istisna olmaqla, G7-yə üzv bütün ölkələr NATO üzvüdür və prezident D.Tramp alyans üzvlərindən hər il ümumi daxili məhsullarının 5 faizini müdafiəyə xərcləmələrini tələb edir. Bəzi ölkələr bu tələbi qəbul etsə də, digərləri etiraz edib. NATO üzvü olan G7 ölkələri arasında bu hədəfdən ən uzaqda dayananlar Kanada və İtaliyadır.
G7 daxilində Qəzza müharibəsi məsələsində də fikir ayrılığı mövcuddur. Böyük Britaniya, Kanada və Fransa, İsrail–Fələstin qarşıdurması ilə bağlı yekun qərar qəbul etməsə belə, Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər. Rusiya–Ukrayna müharibəsində isə G7 ölkələrinin əksəriyyəti D.Trampa nisbətən Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirir.
Qeyd edək ki, ABŞ sərhədinə yaxın Ontario gölü sahilində keçiriləcək iki günlük toplantı, D.Trampın Kanada ilə ticarət danışıqlarını dayandırmasından sonra baş tutur. Bu hadisə, D.Trampın Kanadanın “ABŞ-ın 51-ci ştatı” olması yönündəki fikirlərindən qaynaqlanan gərginliyin ardınca yaşanıb.
D.Trampın Qəzza atəşkəsi üzrə planı və Rusiya–Ukrayna müharibəsi
ABŞ rəsmiləri bəyan ediblər ki, M.Rubio sammit zamanı G7-yə dəvət olunmuş bəzi ölkələrin xarici işlər nazirləri ilə ayrıca görüş keçirə bilər. Görüşlərin əsas mövzularının Ukrayna və Qəzzada atəşkəs səyləri, dəniz təhlükəsizliyi, Haiti və Sudan böhranları, təchizat zəncirinin dayanıqlığı və strateji minerallar olacağı gözlənilir.
Kanadanın bu sammitdəki gözləntiləri arasında Ukrayna müharibəsinin sona çatdırılması, Arktika bölgəsində təhlükəsizlik və Haitidə sabitliyin bərpası yer almaqdadır. Bundan əlavə, smartfonlardan tutmuş döyüş təyyarələrinə qədər bir çox sahədə zəruri olan enerji resursları və strateji minerallar mövzusunda da xüsusi iclas keçiriləcəyi bildirilir.
Bildirilir ki, hazırda Kanadada 34 növ strateji mineral və metal mövcuddur ki, ABŞ Müdafiə Nazirliyi bu resursların milli təhlükəsizlik baxımından əldə olunmasına və onların istehsalına investisiya yatırılmasına xüsusi maraq göstərir.