Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib
Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya Prezidenti Əhməd Şəraa və daxili işlər naziri Ənəs Həttabı sanksiya siyahısından çıxarmasını alqışlayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
“BMT Təhlükəsizlik Şurasının Suriya Prezidenti Əhməd Şəraa və daxili işlər naziri Ənəs Həttabı sanksiya siyahısından çıxarmasını alqışlayırıq. Keçmiş dövrün Suriya administrasiyası və xalqı üzərindəki mənfi mirasını aradan qaldırmaq, bu çərçivədə sanksiyaları tamamilə ləğv etmək, Suriyanın beynəlxalq birliyə inteqrasiyasını təmin etmək və ölkədə davamlı sabitlik və inkişafın bərqərar olması üçün atılan bu və oxşar addımları dəstəkləməyə davam edəcəyik”, – deyə Öncü Keçeli vurğulayıb.
Qeyd edək ki, noyabrın 6-da BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd Şəraa və daxili işlər naziri Ənəs Həttabı sanksiya siyahısından çıxarmaq barədə qətnamə qəbul edib.
ABŞ tərəfindən hazırlanan qətnamənin lehinə 14 ölkə səs verib, Çin isə bitərəf qalıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 8-də Bəşər Əsədi devirən rejim əleyhdarı qüvvələrin lideri Əhməd Şəraa yanvar ayının sonunda keçid hökumətinin prezidenti elan edilib. Şəraa ölkəni yenidən qurmaq və sabitliyi təmin etmək vədini verib.