Donald Tramp ABŞ donanmasına Hörmüz boğazındakı tankerləri qorumağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında verdiyi açıqlamada bəyan edib ki, rəsmi Vaşinqton qlobal enerji axınını qorumaq üçün bütün imkanlarını səfərbər edəcək

By
Donald Trump ABŞ donanmasına Hörmüz boğazındakı tankerləri qorumağı tapşırıb / AP

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında verdiyi açıqlamada bəyan edib ki, rəsmi Vaşinqton qlobal enerji axınını qorumaq üçün bütün imkanlarını səfərbər edəcək.

Trampın sözlərinə görə, lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən neft tankerlərini müşayiət etməyə hazırdır.

Tramp ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) Körfəzdən keçən ticarət gəmiləri və enerji tankerləri üçün sərfəli şərtlərlə siyasi risk sığortası və maliyyə zəmanəti təmin etməyi tapşırıb.

O, vurğulayıb ki, bu təminat bütün dəniz yollarını əhatə edəcək və ABŞ nəyin bahasına olursa-olsun dünyada enerjinin sərbəst hərəkətini təmin edəcək.

ABŞ-ın iqtisadi və hərbi gücünün misilsiz olduğunu qeyd edən Tramp lazım gələrsə əlavə addımların da atıla biləcəyini xatırladıb.

Bu açıqlamalar İranın Hörmüz boğazından keçən gəmiləri hədəf ala biləcəyi barədə təhdidlərindən və bölgədə bəzi tankerlərə hücum xəbərlərindən sonra verilib.

Artıq bir neçə beynəlxalq sığorta şirkəti o cümlədən, "Skuld", "Steamship Mutual" və "North Standard" bölgədə artan hərbi risklərə görə xidmətlərini dayandırdıqlarını açıqlayıblar.

Qlobal neft daşınmasında kritik rola malik olan Hörmüz boğazındakı bu gərginlik ticarət gəmiçiliyinin təhlükəsizliyi və enerji bazarlarının gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.