Əminə Ərdoğan Dünya Su Günü münasibətilə su qıtlığına diqqət çəkib
Ə.Ərdoğan qlobal su risklərinin artması fonunda daha çox maarifləndirmə və səmərəlilik çağırışı edib
Türkiyənin birinci xanımı Əminə Ərdoğan martın 22-də Dünya Su Günü münasibətilə suyun səmərəli istifadəsinin artırılması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezidentinin xanımı “NSosial” platformasında paylaşım edərək bildirib ki, bütün ölkələr artıq su qıtlığı ilə bağlı artan risklərlə üz-üzədir.
Ə.Ərdoğan deyib: “Fikirlərimizi, səylərimizi və xoş niyyətlərimizi birləşdirərək, ölkəmizin su qıtlığı yaşayan dövlətlərdən birinə çevrilməsinin qarşısını ala bilərik.”
Əminə Ərdoğan həmçinin suya qənaət məsələsində daha geniş maarifləndirmə çağırışı edərək, bütün yaş qruplarından olan insanları “suya qənaət və nemətlərə hörmət” prinsipləri ilə hərəkət etməyə və su istifadəsi ilə bağlı ölkə miqyasında səfərbərliyə qoşulmağa çağırıb.
Xatırladaq ki, Dünya Su Günü hər il martın 22-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən şirin su ilə bağlı maarifləndirmə yaratmaq və düzgün su idarəçiliyini təşviq etmək məqsədilə qeyd olunur.