Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Bu barədə CNN və NBC telekanalları məlumat yayıb
Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Sinqer Reyner Cənubi Kaliforniyadakı malikanələrində ölü tapılıblar. Bu barədə CNN və NBC telekanalları məlumat yayıb.
Los-Anceles Polis Departamenti dekabrın 14-də yaydığı bəyanatda evdə tapılan iki nəfərin şəxsiyyətinin hələ rəsmi olaraq təsdiqlənmədiyini və istintaqın davam etdiyini bildirib.
İstintaqla tanış olan hüquq-mühafizə orqanı rəsmisi ölən şəxslərin Rob Reyner və Mişel Sinqer Reyner olduğunu təsdiqləyib. Rəsmi şəxs istintaqın həssas mərhələdə olduğunu əsas gətirərək əlavə təfərrüatların açıqlanmayacağını bildirib.
Los-Anceles Polis Departamentinin nümayəndəsi Mayk Bland hadisənin “mümkün cinayət” kimi araşdırıldığını bildirib. Los-Anceles Yanğınsöndürmə İdarəsi isə tibbi yardım çağırışından sonra saat 15:30 radələrində hadisə yerinə bir heyətin göndərildiyini bildirib.
78 yaşlı Rob Reyner 1970-ci illərin məşhur “All in the Family” serialındakı Maykl “Meathead” Stiviç obrazı ilə şöhrət qazanıb. O, daha sonra “The Princess Bride”, “When Harry Met Sally” və “This Is Spinal Tap” filmləri ilə öz nəslinin aparıcı rejissorlarından birinə çevrilib.