Xərçəng xəstəliyi bəşəriyyətin uzun illərdir mübarizə apardığı ən böyük sağlamlıq problemlərindən biridir. Səhiyyə sahəsi hər keçən gün yeni müalicə üsulları kəşf edir. Lakin alimlərin əsas hədəfi daha da böyükdür: xəstəliyi hələ ortaya çıxmadan dayandırmaq.
Bəs bir gün bəzi xərçəng növlərini eynilə qrip və ya uşaq iflici kimi peyvəndlə önləmək mümkün olarsa?
Bu gün elə sizə tam olaraq bundan bəhs edəcəyik. Elm dünyasında böyük həyəcan yaradan bir xəbərimiz var. Bu kəşf xərçənglə mübarizədə yeni bir dövrün qapısını aça bilər.
Oksford Universiteti ilə "Moderna" əczaçılıq şirkətinin birgə həyata keçirdiyi tədqiqatda ingiltərəli alimlər xərçəng xəstəliyi əleyhinə bir peyvənd hazırlayıblar. Məqsəd genetik olaraq yüksək xərçəng riski daşıyan şəxslərdə yoğun bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.
Ən mühüm məqam isə bundan ibarətdir ki, bu peyvənd Covid-19 zamanı öz uğurunu dünyaya sübut edən mRNT texnologiyası ilə istehsal olunub. Lakin bu dəfə mRNT texnologiyasından ilk dəfə olaraq virusa qarşı deyil, xərçəngin qarşısını almaq məqsədilə istifadə ediləcək.
Peyvəndin ilk xəstələr üzərində tətbiqinə isə yaxın zamanda başlanılması planlaşdırılır. Bəs, bu peyvənd kimləri qoruyacaq? Hədəfdə "Linc sindromu" adlanan irsi bir xəstəlik var.
Böyük Britaniyada hər 300 nəfərdən birində görünən bu genetik vəziyyət DNT-ni bərpa etməli olan genlərin zədələnməsindən qaynaqlanır. “Linc sindromu” daşıyıcılarının həyatı boyu yoğun bağırsaq xərçənginə tutulma riski təxminən 80 faiz artıq olur. Yumurtalıq, uşaqlıq, mədə və mədəaltı vəzi kimi digər xərçəng növlərində də risk çox yüksəkdir.
Üstəlik, bu geni daşıyan təxminən 175 min nəfərdən yalnız 5 faizi öz vəziyyətindən xəbərdardır. Qalanlarının isə bu təhlükə haqqında heç məlumatları belə yoxdu.
Bəs bu peyvənd necə təsir göstərir? Ənənəvi peyvəndlərdən fərqli olaraq, o, orqanizmə zəiflədilmiş virus daxil etmir. Bunun əvəzinə hüceyrələrə genetik təlimatlar ötürür. Yəni, bir növ immunitet sisteminə sanki "istifadə təlimatı" təqdim edir.
Bununla da müdafiə mexanizmi “Linc sindromu”nun yaratdığı hüceyrə mutasiyalarını xərçəngə çevrilmədən aşkar edib məhv edə biləcək. Xəstəlik yaranmadan, hələ ilkin mərhələdə zərərsizləşdiriləcək. Yəni peyvənd "xərçəngdən əvvəlki" mərhələdə olan anormallıqları təyin etmək üçün nəzərdə tutulub.
Yaxın zamanda başlanacaq ilk mərhələdə ən doğru doza müəyyənləşdiriləcək və peyvəndin təhlükəsizliyi yoxlanılacaq. Sınaqların ikinci mərhələsinin 2027-ci ildə tədbiq olunması nəzərdə tutulur.
Alimlər vurğulayırlar ki, peyvənd təkcə “Linc sindrom”lu xəstələri qorumaqla kifayətlənməyəcək. Bu preparat əvvəllər xərçəngdən sağalmış şəxslərin ikinci dəfə bu xəstəliyə tutulmasının da qarşısını ala bilər. Uzunmüddətli perspektivdə isə genetik yolla keçməyən digər genişyayılmış xərçəng növlərinə qarşı da peyvənd hazırlanmasına imkan yarada bilər.
Elm dünyasında hər böyük kəşf kiçik bir sualla başlayır.
Xərçəngi yaranmadan qarşısını almaq tədqiqatçıların illərdir ardınca qaçdığı ən böyük hədəflərdən biridir. Hələ yolun başlanğıcında olsaq da, bu yeni mRNT peyvəndi bəlkə də həmin uzun yolçuluğun ən mühüm ilk addımıdır.
Bəlkə də gələcək illərdə xərçənglə mübarizədə təkcə müalicə üsullarını deyil, xəstəliyin meydana gəlməsinin qarşısını alan qoruyucu peyvəndləri də müzakirə edəcəyik.














