Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya qarşıya qoyulan məqsədlərə çatmaq üçün Ukrayna rəhbərliyinə qarşı təzyiqləri artırmağa davam edəcək. Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı sanksiyaların və təzyiqlərin gücləndirilməsi çağırışını şərh edən Peskov Avropanın Rusiya ilə gərginliyi bilərəkdən artırdığını, "militarizasiya" və münaqişə yolunu seçdiyini vurğulayıb.
Sözçü həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Kiyev və Ukraynanın digər yaşayış məntəqələrindəki obyektlərə endirilən intensiv zərbələrin nəticələri barədə məlumat verib. D. Peskovun sözlərinə görə, bu hücumlar zamanı yalnız hərbi təyinatlı və ya hərbi infrastrukturla bağlı hədəflər vurulur.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən məlumata görə, Rusiya ordusu bu gün Ukrayna ərazisinə 74 raket və 496 PUA zərbəsi endirib.















