Donald Tramp Si Cinpinlə görüşdü
Tramp danışıqlar başlamazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada iki ölkə arasında ticarət sazişinin yaxın vaxtlarda imzalana biləcəyinə işarə edib
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində Çin Prezidenti Si Cinpinlə ticarət gərginliyinin azaldılması və ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə danışıqlar aparıb.
Tramp danışıqlar başlamazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada iki ölkə arasında ticarət sazişinin yaxın vaxtlarda imzalana biləcəyinə işarə edib.
Çin Prezidenti Si Cinpin isə öz növbəsində iki ölkənin “tərəfdaş və dost” olmasının vacibliyini vurğulayıb. “Tarixin bizə öyrətdiyi reallıq budur”, – deyə Si Cinpin bildirib.
Si Cinpin iki tərəf arasında ticarət danışıqlarında əldə edilən irəliləyişi yüksək qiymətləndirərək deyib ki, danışıqlar üçün lazımi şərtlər artıq formalaşıb. Çin lideri həmçinin deyib: “Cənab Prezident ABŞ-Çin münasibətləri üçün möhkəm zəmin yaratmaq məqsədilə sizinlə birlikdə işləməyə hazıram’’.
O, həmçinin Trampı müxtəlif regional böhranların həllinə göstərdiyi fəal yanaşmaya görə tərifləyib. Si Cinpin ABŞ liderinin Qəzzada atəşkəs sazişinin bağlanmasına və Kamboca ilə Tayland arasındakı sərhəd mübahisəsinin sülh yolu ilə həllinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
“Bu gün dünya bir çox çətinliklərlə üzləşir. Çin və ABŞ kimi böyük dövlətlər məsuliyyətlərini birlikdə daşımalı və əməkdaşlıq etməlidirlər”, – deyə Si Cinpin vurğulayıb.
Tramp isə Si Cinpini “sərt danışıqlar aparan, lakin böyük bir ölkənin böyük lideri” kimi xarakterizə edib. “Düşünürəm ki, uzunmüddətli və gözəl münasibətlərimiz olacaq. Sizinlə birlikdə olmaq bizim üçün şərəfdir”, – deyə Donald Tramp qeyd edib.
Donald Tramp görüşü çox ‘‘məhsuldar’’ adlandırıb.