SİYASƏT
2 dəqiqə oxuma
Pakistan-Əfqanıstan münaqişəsinin beşinci günündə 67 Əfqanıstan hərbçisinin öldürüldüyü bildirilir
Kabil tərəfi isə Pakistan rəsmilərinin açıqladığı rəqəmlərlə bağlı hələlik hər hansı rəsmi şərh verməyib
Pakistan-Əfqanıstan münaqişəsinin beşinci günündə 67 Əfqanıstan hərbçisinin öldürüldüyü bildirilir
Pakistan-Əfqanıstan münaqişəsinin beşinci günündə 67 Əfqanıstan hərbçisinin öldürüldüyü bildirilir / Reuters
2 saat əvvəl

Əfqanıstan quru qoşunları martın 3-də səhər saatlarında cənub-qərb sərhədi boyunca 16 nöqtədə Pakistanın hərbi mövqelərinə hücum edib və şimal-qərb istiqamətində bir neçə məntəqəni atəşə tutub. Bu barədə məlumatı Pakistanın informasiya naziri Attaullah Tarar verib.

Bildirilir ki, bu hadisə iki qonşu ölkə arasında qarşıdurmaların beşinci gününə təsadüf edən və nəticədə 67 Əfqanıstan təhlükəsizlik əməkdaşı ilə bir Pakistan hərbçisinin ölümü ilə nəticələnən şiddətli döyüşlərə səbəb olub.

A.Tarar qeyd edib ki, Pakistan ordusu Əfqanıstan sərhədi boyunca həyata keçirilən çoxsaylı hücumları uğurla dəf edib. A.Tarar “X” sosial şəbəkəsində paylaşım edərək yazıb ki, Əfqanıstan qüvvələri Bəlucistan əyalətinin Qilla Saifullah, Nuşki və Çaman rayonlarının cənub-qərb hissələrində 16 nöqtədə quru hücumları həyata keçirib. O qeyd edib ki, cavab zərbələri nəticəsində Pakistan ordusu 27 Əfqanıstan hərbçisini zərərsizləşdirib.

Nazir əlavə edib ki, Əfqanıstan qüvvələri şimal-qərbdə yerləşən Xeybər-Paxtunxva əyalətinin sərhəd bölgələrində daha 25 nöqtədə hücumlara başlayıb və həmin ərazilərdə Pakistan hərbçiləri 40 Əfqanıstan təhlükəsizlik qüvvəsi əməkdaşını zərərsizləşdirib.

Kabil rəhbərliyi tərəfi Pakistan rəsmilərinin açıqladığı bu rəqəmlərlə bağlı hələlik mövqe bildirməyib.

Bununla belə, Pakistan və Əfqanıstan tərəfləri Əfqanıstanın ötən bazar günü Pakistanın hava zərbələrinə cavab olaraq cümə axşamı başladığı hücumlardan bəri bir-birinə ağır itkilər verdiklərini dəfələrlə bəyan ediblər. Həmin vaxtdan etibarən Pakistan sərhəd boyunca əməliyyatlar həyata keçirir və A.Tarar martın 2-də bildirib ki, qarşıdurmalar zamanı 435 Əfqanıstan təhlükəsizlik qüvvəsi əməkdaşı öldürülüb və 31 mövqe ələ keçirilib.

Son günlər rəsmi Kabil də öz növbəsində qüvvələrinin Pakistan ordusuna ciddi itkilər yetirdiyini iddia edib.

Əfqanıstan qüvvələrinin öldürülməsi ilə bağlı son açıqlama Pakistan prezidenti Asif Əli Zərdarinin Əfqanıstanda davam edən hücumları müdafiə etməsindən bir gün sonra səsləndirilib. Zərdari bildirib ki, rəsmi İslamabad Əfqanıstan ərazisindən fəaliyyət göstərdiyi iddia olunan terrorçuları hədəf almadan əvvəl bütün diplomatik yolları sınaqdan keçirib və Kabil hakimiyyətindən Pakistanda hücumlara görə məsuliyyət daşıyan qrupların tərksilah edilməsini tələb edib.

Qeyd edək ki, Pakistan son aylarda artan zorakılığı həm ölkə daxilində, həm də Əfqanıstan ərazisindən fəaliyyət göstərən qadağan olunmuş “Təhriki-Taliban Pakistan” (TTP) qruplaşması ilə əlaqələndirir. Rəsmi İslamabad Əfqanıstandakı Taliban hakimiyyətini TTP-yə sığınacaq verməkdə ittiham edir, Kabil rəhbərliyi isə bu iddiaları qəbul etmir.

MƏNBƏ:TRT