DÜNYA
2 dəqiqə oxuma
Ərdoğanın Haftarı qəbulundan sonra Liviyanın şərqindəki rəhbərlik Türkiyəyə məmnunluğunu bildirib
Prezident Ərdoğanın Xəlifə Haftarı qəbulundan sonra Liviyanın şərqindəki rəhbərlik Türkiyəyə məmnunluğunu bildirən bəyanatlar yayıb
Ərdoğanın Haftarı qəbulundan sonra Liviyanın şərqindəki rəhbərlik Türkiyəyə məmnunluğunu bildirib
Prezident Ərdoğan Liviya Milli Ordusunun baş komandanı marşal Həftəri qəbul etmişdi / Anadolu Agency (Wire)
 

Benqazidəki hökumətin Baş naziri Üsamə Həmmadın dərc etdiyi fərmanla Türkiyə vətəndaşları üçün viza və rüsum ödənişi tətbiqi ləğv edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarı noyabrın 25-də paytaxt Ankarada qəbul etməsindən sonra Liviyanın şərqindəki rəhbərlikdən Türkiyəyə yönəlmiş məmnunluq bəyanatları gəlib.

Prezident Ərdoğan Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarı və oğulları — Liviya Milli Ordusunun komandan müavini Səddam Haftar, Liviya Milli Ordusunun Baş Qərargah rəisi Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun sədri Bilqasım Haftarı dünən paytaxt Ankarada qəbul edib.

Ərdoğan-Haftar görüşündən sonra Liviyanın şərqindəki rəhbərlikdən Prezident Ərdoğana və Türkiyəyə yönəlmiş təşəkkür və məmnunluq bəyanatları səsləndirilib.

Liviya Milli Ordusundan verilən açıqlamaya görə, Xəlifə Haftar görüşdə Prezident Ərdoğana səmimi qarşılanmasına və qonaqpərvərliyinə görə duyduğu məmnunluğu ifadə edib.

Haftar həmçinin Ankara səfərinin Liviya ilə Türkiyə arasındakı münasibətlərin gücləndirilməsi və əməkdaşlıq üfüqlərinin genişləndirilməsi çərçivəsində həyata keçirildiyini bildirib.

"Türkiyənin Liviyanın birliyini dəstəkləyən konstruktiv yanaşmasını təqdir edirik"

Liviya Milli Ordusunun komandan müavini Səddam Haftar da sosial media hesabında etdiyi paylaşımda Liviya-Türkiyə münasibətlərində yeni bir mərhələnin başladığını qeyd edib.

Türkiyənin Liviyanın birliyini dəstəkləyən konstruktiv yanaşmasını alqışladıqlarını və bu yanaşmanı tam şəkildə dəstəklədiklərini bildirən Səddam Haftar bunları qeyd edib:

"Türkiyə Respublikası ilə bu gün təsis etdiyimiz bu proses mövcud dövrün şərtlərinə bağlı qiymətləndirmələrdən kənara çıxır. Belə ki, regional və beynəlxalq dəyişiklikləri qavrayan, iki ölkənin Aralıq dənizi hövzəsindəki mövqeyinin təqdim etdiyi siyasi, hərbi, təhlükəsizlik və iqtisadi sahələrdəki əməkdaşlıq imkanlarını qarşılıqlı hörmət və ortaq maraqlar əsasında dəyərləndirən, iki ölkənin bölgədə təhlükəsizlik ilə sabitliyi möhkəmləndirmək rolunu gücləndirən uzunmüddətli baxışa əsaslanır".

Liviya İnkişaf və Yenidənqurma Fondunun sədri Bilqasım Haftar isə yerli televiziyalardan birinə verdiyi müsahibədə Prezident Ərdoğan ilə görüşlərində Türkiyə şirkətlərinin Liviyadakı rolunu vurğuladıqlarını və həmin şirkətlərin qarşıdakı dövrdə Liviyaya daha geniş şəkildə daxil olacağını söyləyib.

Haftarın Türkiyə səfərindən dərhal sonra Liviya Nümayəndələr Palatasının təyin etdiyi Benqazidəki hökumətdən Türkiyə vətəndaşları üçün Liviya vizasının ləğv edildiyinə dair açıqlama verilib.

Benqazidəki hökumətin Baş naziri Üsamə Həmmadın dərc etdiyi fərmanla Türkiyə vətəndaşları üçün viza və rüsum ödənişi tətbiqinin ləğv edildiyi, bu addımın Liviya-Türkiyə münasibətlərini dəstəkləmək, iqtisadi əməkdaşlıq üfüqlərini genişləndirmək və iki dost xalq arasındakı ünsiyyəti inkişaf etdirmək istəyinin təzahürü olduğu qeyd edilib.

Liviyada biri Birləşmiş Millətlər Təşkilatının da tanıdığı paytaxt Tripolidəki Milli Birlik Hökuməti, digəri Liviya Nümayəndələr Palatasının təyin etdiyi Benqazidə yerləşən hökumət olmaqla iki hökumət fəaliyyət göstərir.