Özbəkistan prezidenti Şövkət Mirziyoyev pedofiliya cinayətinə görə ömürlük həbs cəzası tətbiq edən yeni fərman imzalayıb. Bu barədə Özbəkistan Prezident Administrasiyası martın 3-də yaydığı açıqlamada bildirib. Qeyd olunub ki, Ş.Mirziyoyev bundan əvvəl nazirliklərarası şuranın iclasında qadın və uşaq hüquqlarının qorunması sistemini daha da gücləndirməyi hədəfləyən təklif və təşəbbüsləri nəzərdən keçirib.
Açıqlamada bildirilib ki, qəbul edilən tənzimləmə eyni zamanda qadınlara və uşaqlara qarşı təcavüz və zorakılıq hallarının qarşısını almağa yönəlmiş yeni təşəbbüs və təklifləri də əhatə edir. Qeyd edilib ki, bu məsələlər ən yüksək səviyyədə dəfələrlə müzakirə olunub və hüquq-mühafizə orqanlarına, eləcə də digər müvafiq dövlət qurumlarına xüsusi tapşırıqlar verilib.
Açıqlamada deyilir: “Bu sahədə görülən tədbirlərin əlaqələndirilməsi məqsədilə qısa müddət ərzində praktiki təkliflər hazırlamaqla vəzifələndirilmiş nazirliklərarası şura yaradılıb”. Bildirilir ki, iclas zamanı həmin şura tərəfindən hazırlanmış təşəbbüslər ictimaiyyətdən daxil olan təkliflər, ekspert rəyləri və ən yaxşı beynəlxalq təcrübə əsasında nəzərdən keçirilib.
Açıqlamada qeyd olunur ki, cinsi təcavüz hallarına görə cəzaların sərtləşdirilməsi məqsədilə beş günədək inzibati həbs tətbiqi, həmçinin pedofiliya cinayətinə görə ömürlük həbs cəzasının tətbiqi kimi təkliflər də müzakirə edilən təşəbbüslər sırasında olub.
Bundan əlavə, açıqlamada bildirilir: “Təqdim olunan qanun layihəsini təsdiqləyən prezident müvafiq fərmanı imzalayıb və aidiyyəti qurumlara yeni tədbirlərin əhali arasında geniş şəkildə izah olunmasını təmin etmək barədə tapşırıq verib.”












