Asiya ölkələri təcili tədbirlər görməyə başlayıblar
Asiya ölkələri Hörmüzdəki fasilənin qlobal enerji axınına təsirindən sonra təcili tədbirlər görməyə başlayıblar
Hörmüz boğazından keçən gəmi hərəkətinin faktiki olaraq dayanması, qlobal enerji tədarükü üçün mühüm yol olan bu marşrutdakı axını pozaraq qiymətləri yüksəldib. Asiya hökumətləri isə bu problem qarşısında təcili tədbirlər görməyə başlayıblar.
ABŞ və İsrailin İrana qarşı 28 fevralda başlatdığı hücumlardan əvvəl, dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən 20 faizi boğazdan keçirdi və bunun böyük hissəsi Çin, Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla Asiyaya gedirdi.
ABŞ-İsrail birgə hücumları və İranın qisası nəticəsində hərəkət demək olar ki, dayanma nöqtəsinə gəlib, bu da tədarük qıtlığı və kəskin qiymət artımı narahatlıqlarını artırıb.
Filippin yanacaq ehtiyatlarının təxminən 45 gün kifayət edəcəyini bildirərək "milli miqyasda enerji fövqəladə vəziyyəti" elan edib. Tayvan isə təxminən 11 günlük LNG "təhlükəsizlik ehtiyatına" sahib olduğunu açıqlayıb.
Banqladeş neft şirkəti ölkənin yanacaq ehtiyatlarının 9-14 gün kifayət edəcəyini bildirib.
Asiya daxilindəki hökumətlər enerji tələbatını azaltmaq və enerjinin az olduğu bu dövrü idarə etmək üçün alternativ yanacaqlara keçid, distant (məsafədən) iş forması, iş günlərinin qısaldılması və təhsilin dayandırılması kimi tədbirlər tətbiq edir.
Alternativ yanacaqlara keçid
Ehtiyatlar azaldıqca, bir çox ölkə daha aşağı keyfiyyətli neft məhsullarına və ya kömür kimi ətraf mühiti daha çox çirkləndirən alternativlərə üz tutur.
Banqladeş tədarük məhdudiyyətlərini yumşaltmaq üçün bir çox ölkədən dizel idxal edərkən, Filippin daha aşağı keyfiyyətli ""Euro II"" yanacağının məhdud şəkildə istifadəsinə icazə verib.
Hindistan tədarükü şaxələndirmək məqsədilə enerji idxalı tərəfdaşlarının siyahısını 27-dən 41-ə qaldırıb.
Yaponiya strateji ehtiyatların koordinasiyalı şəkildə bazara çıxarılmasına hazırlaşır; Baş nazir Sanae Takaiçi (Sanae Takaichi) məsələni Beynəlxalq Enerji Agentliyinin (İEA) İcraçı direktoru Fatih Birol ilə müzakirə edib.
F.Birol 11 martda İEA üzvlərinin strateji ehtiyatlardan 400 milyon barel neftin sərbəst buraxılması barədə razılığa gəldiyini, bunun agentlik tarixindəki ən böyük addım olduğunu söyləyib.
Tələbatı azaldan tədbirlər
Bir çox ölkə həmçinin enerji istifadəsini azaltmaq üçün COVID dövrünün siyasətlərini yenidən nəzərdən keçirir.
Pakistan dövlət müəssisələri üçün dörd günlük iş həftəsi təyin edib, məktəb və universitetlərin isə iki həftə müddətinə bağlanacağını elan edib.
Banqladeş elektrik və yanacaq istehlakını azaltmaq üçün universitet tətillərini irəli çəkib.
İndoneziya aprel ayından etibarən hibrid təhsil və həftədə bir gün məsafədən iş modelini dəyərləndirir.
Vyetnam iş yerlərini məsafədən işə keçməyə çağırarkən, Tayland dövlət sektoru işçilərinə evdən işləmək və xaricə səfərləri dayandırmaq tapşırığı verib.
ABŞ və İsrail, Tehran və Vaşinqton arasında danışıqlar davam edərkən, 28 fevralda İrana hərbi hücumlar təşkil etdi.
Regional münaqişə o vaxtdan bəri kəskinləşməyə davam edib və ABŞ-İsrail hücumları İranda o zamankı ali rəhbər Əli Xamenei də daxil olmaqla, 1 340-dan çox insanın ölümünə səbəb olub.
Tehran İsrail ilə yanaşı, ABŞ hərbi qüvvələrinə ev sahibliyi edən İordaniya, İraq və Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatı və raket hücumları ilə qarşılıq verib; bu hücumlar can itkisinə və infrastrukturun zədələnməsinə yol açarkən qlobal bazarları və aviasiyanı da iflic edib.