Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib.
Daşkənddə keçirilən görüşdə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Türkiyənin Özbəkistandakı səfiri Ufuk Ulutaş da iştirak ediblər.
Rəsmi internet səhifəsində görüşlə bağlı paylaşım edən Cevdet Yılmaz deyib:
"Görüş zamanı Türkiyə ilə Özbəkistan arasındakı hərtərəfli strateji tərəfdaşlığı, iqtisadi-ticari münasibətləri, müdafiə sənayesi sahəsindəki əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyimiz birgə işləri müzakirə etdik. İnanırıq ki, ötən ay Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Mirziyoyev tərəfindən yaradılan Biznesin Təşviqi üzrə Yüksək Səviyyəli Şura ölkələrimiz arasında investisiya və ticarət əlaqələrinə yeni təkan verəcək. Mənə və nümayəndə heyətimizə göstərilən səmimi qonaqpərvərliyə görə Prezidentə təşəkkür edirəm. Həmçinin Şuraya birgə həmsədrlik etdiyimiz Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevaya əməkdaşlığımızın inkişafına verdiyi dəyərli töhfələrə görə minnətdarlığımı bildirirəm".






















