Qəzzadakı media ofisi İsrail ordusunun Qəzza zolağının mərkəzinə hücumları səbəbindən 6 mindən çox fələstinlinin didərgin düşdüyünü bildirib.
Bildirilib ki, didərgin düşənlər əsasən "sarı xətt" ətrafında, xüsusilə də Nusayrat və Bureyc qaçqın düşərgələrində cəmləşib. Səlahəddin yolunun bağlanması, həmçinin mülki əhalinin və yardım qruplarının hərəkətinə tətbiq edilən sərt hərbi məhdudiyyətlər də sakinləri bölgəni tərk etməyə məcbur edib.
İlkin məlumatlara görə, hücumlardan 1500-dən çox ailə, ümumilikdə isə 6 mindən artıq fələstinli zərər çəkib.
Media ofisi bombardmanlar və məcburi təxliyə xəbərdarlıqlarının fələstinliləri yenidən didərgin saldığını, yaşayış şəraitinin demək olar ki, tamamilə məhv olduğunu və sığınacaq axtaran dinc sakinlər üçün təhlükəsiz yer qalmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, İsrail ordusu dünən Qəzzanın mərkəzində həyata keçirdiyi əməliyyatın yekunlaşdığını və Səlahəddin yolunun yenidən nəqliyyatın hərəkəti üçün açıldığını elan etmişdi.


















