Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbekistan Prezidenti Şavkat Mirziyoyev və Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Daşkənd Konqres Mərkəzində ilk dəfə təşkil olunan Türkiyə və Özbekistan arasında Biznesin Təşviqi üzrə Yüksək Səviyyəli Şuranın ilk iclasında iştirak ediblər.
Cevdet Yılmaz dəyişən dünya nizamında ölkələrin üzləşdiyi mürəkkəb sınaqların öhdəsindən heç kimin təkbaşına gələ bilməyəcəyini vurğulayıb. O, ötən ay Ankarada dövlət başçılarının imzaladığı sazişlə yaradılan şuranın bu güclü münasibətləri səmərəli iqtisadi tərəfdaşlıqlara, birgə investisiyalara və strateji əməkdaşlığa çevirmək məqsədi daşıdığını qeyd edib.
Cevdet Yılmaz Şuranın ikitərəfli ticarət dövriyyəsini qısa müddətdə 5 milyard, orta müddətdə isə 10 milyard dollara çatdırmaq hədəfinə böyük dəstək verəcəyinə inandığını deyib.
"Ata yurdumuzda fəaliyyət göstərən 2400-ə yaxın türk şirkəti və ümumi dəyəri 9,5 milyard dollar olan 350-yə qədər layihə icra edən podratçılarımız iqtisadi tərəfdaşlığımızın möhkəm təməlini möhkəmləndirir’’,-deyə Cevdet Yılmaz vurğulayıb.
Vitse-prezident sənaye, tikinti, tekstil, energetika, texnologiya, kənd təsərrüfatı, qida və xidmət sektorları başda olmaqla, türk investorlarının Özbekistan iqtisadiyyatının bütün sahələrinə töhfə verməsini təşviq etdiklərini də diqqətə çatdırıb.






















