Liviya Nümayəndələr Palatasının təsdiqlədiyi Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyası sahələrinin delimitasiyasına (sərhədlərinin müəyyənləşdirilməsinə) dair saziş xəritə və coğrafi koordinatları ilə birlikdə Liviyanın Rəsmi Qəzetində yayımlanıb.
Liviya Nümayəndələr Palatasının rəsmi qəzetinin 17-ci sayında dərc olunan 2026-cı il tarixli 8 nömrəli qanunla Türkiyə ilə dövrün Liviya Milli Razılıq Hökuməti arasında 2019-cu ildə imzalanmış Aralıq dənizindəki dəniz yurisdiksiyası sahələrinin delimitasiyasına dair anlaşma memorandumu təsdiqlənərək bütün rəsmi prosedurlar tamamlanmış olub.
Saziş 6 maddə və 2 əlavədən ibarətdir. Liviya ilə Türkiyə arasındakı kontinental şelf və müstəsna iqtisadi zona sərhədləri 36 əsas coğrafi koordinat nöqtəsi əsasında müəyyən edilib.
Koordinat nöqtələrinin iki ölkənin sahilləri arasında bərabər şəkildə bölüşdürüldüyü bildirilib.
Sazişə əsasən, tərəflərdən biri müəyyən edilmiş koordinatlara təsir göstərə biləcək şəkildə üçüncü ölkə ilə müstəsna iqtisadi zona sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlara başlayarsa, digər tərəfi məlumatlandırmalı və onunla danışıqlar aparmalıdır.
Sazişdə həmçinin qeyd olunub ki, iki ölkə müstəsna iqtisadi zonalar arasında uzana biləcək təbii ehtiyatların işlənməsi üçün birgə tənzimləmələr həyata keçirə bilər.
Dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair maddələrin və onların əlavələrinin sazişdə nəzərdə tutulan yenidən nəzərdən keçirmə və dəyişiklik mexanizmindən kənarda saxlanıldığı bildirilib.
Liviya Nümayəndələr Palatası 2019-cu ildə o zamankı Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin delimitasiyasına dair memorandumu oktyabrın 20-də yekdilliklə qəbul edib.
Palata həmçinin 2020-ci ildə memorandumun təsdiqlənməsini rədd edən 1 nömrəli qərarı və Türkiyə ilə siyasi əlaqələrin kəsilməsinə dair 6 nömrəli qərarı da yekdilliklə ləğv edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və o zamankı Liviya baş naziri Fayiz əs-Sərrac tərəfindən 2019-cu il noyabrın 27-də imzalanan memorandum həmin il dekabrın 7-də qüvvəyə minmişdi.















