Ukraynanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 4-də Rusiya qüvvələri gün ərzində Ukraynanın bir neçə şəhərinə hava zərbəsi endirib. Məsələylə bağlı “Telegram” platformasında açıqlama verən daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiya qüvvələri Ukraynanın yeddi vilayətinə çox sayda zərbələr edirib. Hücumlar nəticəsində 14 nəfər ölüb, təxminən 60 adam isə yaralanıb. Bildirilir ki, Xarkov şəhərində yerləşən Merefa qəsəbəsi ən çox zərər görən yer olub.
İ.Klimenko deyib: “Həmçinin Rusiya qüvvələri enerji sektoruna hücum etməyə davam edir. Bu gün Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətlərində hücumlar həyata keçirib. Bunlar təsadüfi hücumlar deyil, mülki əhalini terrora məruz qoymağa yönəlmiş qəsdən tətbiq edilən taktikadır.”
Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz” bildirib ki, Rusiya ordusu son 24 saat ərzində Sumi və Xarkov vilayətlərində yerləşən beş obyektə hücum edib. Şirkətin “Telegram” kanalıda yayımlanan açıqlamasında deyilir: “Avadanlıqlara dəyən zərər səbəbindən istehsal proseslərini dayandırmaq məcburiyyətində qaldıq. Buna görə də qış mövsümünə hazırlıq da çətinləşəcək.”
Rusiya tərəfi hələlik Ukraynanın iddialarına cavab verməyib. Davam edən müharibə səbəbindən bu iddiaların müstəqil şəkildə təsdiqlənməsi isə çətin məsələdir.
Qeyd edilir ki, Moskva rəhbərliyi hər il qeyd olunan 9 may Qələbə Gününü anmaq üçün 8–9 may tarixlərində Ukrayna ilə birtərəfli atəşkəs elan edib.











