D.Tramp Ukraynaya təklif edilən sülh planının axırıncı olmadığını bildirib

Buna səbəb Amerikanın təklif etdiyi sülh planının rəsmi Kiyev və müttəfiq ölklərdə narahatlıq yaratmasıdır

By
D.Tramp Ukraynaya təklif edilən sülh planının axırıncı olmadığını bildirib / AP

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə hazırlanmış 28 maddəlik planın Kiyev rəhbərliyi və onun müttəfiqləri arasında narahatlıq yaratmasından sonra bunun axırıncı təklif olmayacağını açıqlayıb.

D.Tramp noyabrın 22-də Ağ Evdən ayrılarkən jurnalistlərə verdiyi açıqlamada belə deyib: “Biz sülhü təmin etmək istəyirik. Bu, çox daha əvvəl olmalı idi. Ukrayna ilə Rusiya arasındakı müharibə heç vaxt baş verməməli idi. Biz bunu başa çatdırmağa çalışırıq. Bu müharibəni bir şəkildə bitirməliyik.”

Ukraynalı həmkarı Volodimir Zelenskiyə cavab üçün bir həftə müddət verən ABŞ prezidenti D.Tramp əlavə olaraq bildirib ki, əgər rəsmi Kiyev bu planı rədd edərsə, bütün gücü ilə döyüşməyə davam edə bilər.

Qeyd edək ki, ABŞ tərəfindən təklif olunan sülh razılaşması Ukraynanın Rusiyaya əlavə ərazi verməsini, ordusunun sayını məhdudlaşdırmasını və NATO-ya qoşulmaq planından rəsmi şəkildə imtina etməsini əhatə edir.

V.Zelenski isə məsələ ilə bağlı yayımladığı videomüraciətdə çox çətin bir seçimlə üzləşdiyini bildirib. Bunu ya ləyaqətini ya da mühüm bir tərəfdaşını itirmək riskinin olduğunu vurğulayıb.

ABŞ-nin təklif etdiyi sülh planı ilə bağlı Avropa İttifaqı liderləri, həmçinin Yaponiya və Kanada rəsmiləri Ukrayna Silahlı Qüvvələrinə tətbiq olunacaq məhdudiyyətlərə görə narahatlıqlarını ifadə ediblər. Onlar bu məhdudiyyətlərin Ukraynanı gələcək hücumlar qarşısında müdafiəsiz qoyacağını bildiriblər.

Xatırlkadaq ki, Rusiya 2022-ci ilin fevralında müxtəlif istiqamətlərdən Ukrayna ərazilərinə hücum etmiş və bunun Ukraynanın “denasifikasiyası” və silahsızlaşdırılması üçün edildiyini açıqlamışdı.

Rəsmi Moskva Ukrayna ordusunun məhdudlaşdırılması və ölkənin NATO-ya üzvlüyünün qarşısının alınması ilə yanaşı, rus dilinin Ukraynanın rəsmi dillərindən biri kimi qəbul edilməsini və ölkənin əhəmiyyətli bir hissəsinin Rusiyaya verilməsini tələb edir.