Venesuela və Yaponiya güclü zəlzələlərlə sarsılıb. Venesueladakı yeraltı təkanlar bölgədə sunami təhlükəsi ilə bağlı narahatçılığa səbəb olub. Venesuelada baş verən zəlzələnin maqnitudası 7,1, Yaponiyadakı təkanların maqnitudası isə 6,9 olaraq açıqlanıb.
ABŞ Geoloji Araşdırmalar Xidmətinin məlumatına görə, Venesueladakı zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Episentrin sahildə yerləşən Moron yaşayış məntəqəsinin qərbində olduğu bildirilir.
Müvəqqəti Prezident Delsi Rodriges Venesuelanı sarsıdan şiddətli zəlzələlərdə təxminən 32 nəfərin həlak olduğunu açıqlayıb. D.Rodriges fəlakət nəticəsində 700-dən çox insanın isə yaralandığını bildirib.
Güclü sarsıntılar paytaxt Karakasa da ciddi təsir göstərib. Hündürmərtəbəli binaların sirkələnməsi səbəbindən şəhər sakinləri binaları tərk ediblər.
ABŞ Geoloji Araşdırmalar Xidməti Venesuelada daha sonra maqnitudası 7,5 bal gücündə olan ikinci bir zəlzələnin də baş verdiyini bəyan edib.
Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi Venesuelanın yaxın sahilləri, həmçinin qonşu Aruba, Bonayre və Kurasao adaları üçün sunami təhlükəsi xəbərdarlığı edib.
Puerto-Riko və ABŞ Virgin adaları üçün isə sunami ilə bağlı tövsiyə xarakterli xəbərdarlıq verilib.
Mülki müdafiə qrupları infrastrukturdakı ziyanı qiymətləndirmək üçün zəlzələnin episentrinə yaxın və təbii fəlakətdən ən çox zərər çəkmiş bölgələrə ezam olunublar.
Qeyd edək ki, ABŞ Geoloji Araşdırmalar Xidməti Venesuelada böyük tələfat və irimiqyaslı dağıntıların meydana gəlməsi ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edib.
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp iyunun 24-də verdiyi bəyanatda ölkəsinin Venesuelaya dəstək verməyə hazır olduğunu bildirib. D.Tramp deyib: “ABŞ kömək etməyə hazırdır, istəklidir və buna qadirdir! Hökumətimizin bütün qurumlarına operativ fəaliyyət üçün hazır olmaları barədə göstəriş vermişəm. Venesuelanın möhtəşəm xalqının yanında olacağıq.”
Yaponiyada sunami xəbərdarlığı
Yaponiya üçün isə sunami xəbərdarlığı verilməyib. Ölkə rəsmiləri zəlzələnin episentrinin İvate prefekturası sahillərində, təxminən 50 kilometr dərinlikdə olduğunu bildiriblər. Açıqlamada dəniz səviyyəsindəki kiçik dəyişikliklər istisna olmaqla, sunami səbəbindən hər hansı bir dağıntının gözlənilmədiyi qeyd edilib.
Zəlzələ Aomori prefekturasında 6 bal gücündə hiss olunub. Bu səviyyədə zəlzələ hallarında insanların adətən ayaq üstə durmasının mümkün olmadığı bildirilir.
"Tohoku Electric Power" şirkəti zəlzələdən sonra "Onagava" Atom Elektrik Stansiyasında və fəaliyyət göstərməyən "Hiqaşidori" Atom Elektrik Stansiyasında hər hansı bir nasazlığın aşkar edilmədiyini bəyan edib.
"East Japan Railway" şirkəti isə yeraltı təkanlardan sonra bəzi qatar reyslərini, o cümlədən "Tohoku Shinkansen" sürət qatarlarının hərəkətini dayandırdığını açıqlayıb.
Qeyd edək ki, dünyanın seysmik baxımdan ən aktiv bölgələrindən biri olan Yaponiyada tez-tez zəlzələlər baş verir. Dünya miqyasında qeydə alınan 6 və ya daha yuxarı maqnitudalı zəlzələlərin təxminən beşdə biri məhz Yaponiyanın payına düşür.














