24 il ərzində mühasirə altında yaşayan türk əsilli Kövsər Yılmaz Carada yaşadığı anlar haqqında danışdı.
1999-cu ildə evlənən Kövsər Yılmaz Carada Qəzzaya köçdüyünü və 24 il orada yaşadığını bildirib.
“Mən Qəzza xalqı ilə birlikdə müharibələr, blokadalar və çətinliklər yaşadım. Özümü onlardan biri hesab edirəm”, – deyə Carada qeyd edib.
O, bildirib ki, 2005-ci ilə qədər qeyri-qanuni israilli köçkünlər Fələstin torpaqlarını ələ keçirərək görünməz ərazilərdə yaşayırdılar. “Onlar fermalarda, geniş torpaq sahələrində, öz məktəbləri və fabrikləri ilə dəbdəbəli həyat sürürdülər”, – deyə Carada əlavə edib.
Carada yerli əhalinin İsrailin işğalına qarşı üsyan etdiyi dövrdə üzləşdiyi ağır iqtisadi çətinliklərə baxmayaraq müqavimət göstərdiyini, qeyri-qanuni israilli köçkünlərin isə rahat həyat sürdüyünü vurğulayıb.
“Qəzzalılar müqavimət göstərdilər və işğalçıların öz torpaqlarında sərbəst yaşamalarına icazə vermədilər. Xalq öz torpaqlarını işğalçılardan təmizlədi. O vaxtdan sonra Qəzzada bir dənə də olsun yəhudi qalmadı”, – deyə o bildirib.
Qəzzada təhsilin prioritet olduğunu vurğulayan Carada deyib: “Həyat dayansa da, təhsil dayanmayıb. Hətta müharibə zamanı belə təhsil davam edib”.
O, bildirib ki, uşaqlar məktəbdən sonra yemək yeyir və adətən sosial mərkəz rolunu oynayan məscidlərdə vaxt keçirirdilər.
‘‘Qəzzada sərhəd keçid məntəqələrindən keçmək çox çətindir. Tələbələr və xəstələr adlarını aylar öncə qeyd etməli və siyahısının açıqlanmasını gözləməli olurlar’’,-deyə K.Y.Carada bildirib.
Carada qeyd edib ki, elektrik enerjisinin kəsilməsi gündəlik həyatı müəyyənləşdirir. Adətən elektrik enerjisi yalnız 4–8 saat verilir, bəzən isə tamamilə kəsilir.
“İşimizi elektrik verildiyi saatlara görə planlaşdırırdıq. Əgər gecələr elektrik verilirdisə paltar yuyar, ütüləyər və yemək hazırlayardım. Suya çıxış da məhdud idi. Su bəzən iki-üç gündə bir dəfə axırdı və bu ailələri sisternləri doldurmağa və su saxlamağa məcbur edirdi. Buna baxmayaraq, tələbələr universitet təhsilini başa vura biliblər. Qəzza xalqının hər çətinliyə baxmayaraq minnətdarlığını davam etdirməsini görmək bizə dəyərli bir dərs verdi”, – deyə Carada bildirib.
Carada Qəzzadakı çətinliklərin insanları dözümlü etdiyini vurğulayıb.
“Həyat çətin olsa da, orada yaşayan insanlar həmişə güclü idi. Qəzzalıların imanları möhkəmdir. Onlar asanlıqla sınmırlar, müharibədən sonra tez bir zamanda sağalır və həyatlarına davam edirlər. Heç vaxt '‘təslim olduq’’ demirlər, çünki taleyini bilirlər və yaşayırlar”.
Carada qeyd edib ki, 2023-cü ilin yayında səhhətindəki problemlər səbəbindən Türkiyəyə gəlib və qısa müddət sonra İsrail ilə Fələstin müqavimət hərəkatı ‘‘Həmas’’ arasında müharibə başlayıb. O, bildirib ki, gərginlik artıb və Qəzza demək olar ki, hər il toqquşmaların mərkəzinə çevrilib.
Carada işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə edilən hücumların Qəzza xalqını hərəkətə keçirdiyini söyləyib.
“Qəzza xalqı Əl-Əqsa məscidini qorumaq üçün özlərini qurban verdilər. Müharibənin niyə başladığını soruşmadılar, əksinə, nə qədər güclü olduqlarını anladılar. İsrail nə əsirləri tam təhvil alıb, nə də Qəzzanı tam işğal edib. Buna görə də Qəzza məğlub olmayıb”, - deyə Carada vurğulayıb.
O, 2023-cü ilin oktyabrında İsrailin mühasirəsi altında baş verən şiddətli bombardmanlardan və bölgədə hökm sürən aclıqdan da danışıb.
“İnsanlar quyu ilə dəniz suyu və hətta vəhşi bitkilərlə qidalanaraq sağ qalıblar. Öz övladlarım iki həftə yalnız su və üyüdülmüş toyuq yemi ilə sağ qaldılar’’,-deyə Carada vurğulayıb.
Carada həmçinin qeyd edib ki, Qəzzanın səhiyyə sistemi əsasən çöküb, xəstəxanalar zərər görüb və bir çox yaralı müalicə olunmayıb. Dərinləşən mənzil böhranı minlərlə insanı çadırlarda və dağıntılar arasında yaşamağa məcbur edib.
“Atəşkəs elan edilən kimi məscidlər təmir olunur və camaat yenidən birləşir. Bu davranış birlik və həmrəyliyin göstəricisidir. Hər bombardmandan sonra evlər bərpa edilir, küçələr təmizlənir və həyat yenidən başlayır. Qəzza xalqı özünü necə yenidən bərpa edəcəyini yaxşı bilir’’,-deyə Carada qeyd edib.
Qəzza xalqının inanılmaz dərəcədə səxavətli olduğunu bildirən Carada orada keçirdiyi 24 ilin ona minnətdarlıq, səbir və həmrəylik öyrətdiyini söyləyib.
Qəzzada övlad böyütməyin böyük şərəf olduğunu vurğulayan Carada deyib: ‘‘İnşallah bir gün hamımız azad Qüdsdə birlikdə dua edə biləcəyik’’.







