Pakistanın ən böyük liman şəhəri olan Karaçidə yaşayış binasında baş verən güclü partlayış nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 16 nəfər həlak olub, çox sayda insan yaralanıb. İlkin məlumatlara görə, hadisəyə təbii qaz sızıntısı səbəb olub.
Yerli polis əməkdaşı Rızvan Patel hadisənin Sind əyalətinin paytaxtı Karaçidə baş verdiyini deyib. O, xilasetmə briqadalarının dağıntılar altında qalanları xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdiyini bildirib.
Pakistanda əksər ailələr yemək bişirmək üçün təbii qazdan istifadə edir. Lakin borularda qazın təzyiqi aşağı olduğundan sakinlər yemək bişirmək üçün daha riskli olan mayeləşdirilmiş neft qazı balonlarından istifadə etməyə məcbur qalırlar. Belə texniki nasazlıqlar və təhlükəsizlik qaydalarına riayət edilməməsi tez-tez oxşar faciələrə səbəb olur.
Bu, Pakistanda son aylarda baş verən ilk ciddi hadisə deyil. Belə ki, bu ilin iyul ayında paytaxt İslamabadda bir toy mərasimi zamanı baş vermiş partlayışında gəlin və bəy də daxil olmaqla 8 nəfər həlak olmuşdu.











