DÜNYA
2 dəqiqə oxuma
ÜST Nyalada səhiyyə işçilərinin və mülki şəxslərin dərhal əsirlikdən buraxılmasını tələb edir
Sudanın Nyala şəhərində 70-dən çox səhiyyə işçisi və təxminən 5 min mülki şəxs zorla saxlanılmaqdadır
ÜST Nyalada səhiyyə işçilərinin və mülki şəxslərin dərhal əsirlikdən buraxılmasını tələb edir
ÜST Nyalada səhiyyə işçilərinin və mülki şəxslərin dərhal əsirlikdən buraxılmasını tələb edir / Reuters
17 dekabr 2025

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus dekabrın 16-da “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, Sudanın Cənubi Darfur əyalətinin paytaxtı Nyaladan gələn xəbərlər dərin narahatlıq doğurur. Onun sözlərinə görə, 70-dən artıq səhiyyə işçisinin təxminən 5 min mülki şəxslə birlikdə zorla saxlanıldığı bildirilir. Tedros qeyd edib ki, “Sudan Həkimlər Şəbəkəsi”nin məlumatına əsasən, saxlanılan şəxslər yararsız və sağlamlıq üçün təhlükəli şəraitdə tutulur, həmçinin yoluxucu xəstəliklərin yayılması ilə bağlı xəbərlər mövcuddur.

Məlumata görə, paramilitar Çevik Dəstək Qüvvələri (RSF) ilə Sudan Xalq Azadlıq Hərəkatı bu ilin əvvəlində ittifaq quraraq mərkəzi Nyala olan koalisiya formalaşdırıb.

Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST saxlanmalar və saxlanılan şəxslərin şəraiti ilə bağlı daha ətraflı məlumat toplamağa çalışır. Onun sözlərinə görə, davam edən təhlükəsizlik problemləri vəziyyəti daha da mürəkkəbləşdirir. “Səhiyyə işçilərinin və minlərlə insanın gözaltında saxlanılması ilə bağlı məlumatlar son dərəcə narahatedicidir. Səhiyyə işçiləri və mülki şəxslər hər zaman qorunmalıdır. Biz onların təhlükəsiz və heç bir şərt qoyulmadan azadlığa buraxılmasını tələb edirik”, – deyə o vurğulayıb.

ÜST açıqlayıb ki, təşkilat səhiyyə xidmətlərinə qarşı hücumların qeydə alınması və təsdiqlənməsi ilə məşğul olsa da, istintaq orqanı olmadığı üçün hər hansı ittiham irəli sürə bilmir.

 

Səhiyyə işçilərinə qarşı ölümcül hücumlar

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu il Sudanda səhiyyə xidmətlərinə qarşı ümumilikdə 65 hücum qeydə alınıb. Bu hücumlar nəticəsində 1 620 nəfər həyatını itirib, 276 şəxs isə yaralanıb. Hücumların 54-ü birbaşa tibb işçilərini, 46-sı səhiyyə müəssisələrini, 33-ü isə xəstələri hədəf alıb.

Dekabrın 16-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də Sudanın cənubundakı Kordofan bölgəsində toqquşmaların daha da şiddətlənməsindən narahatlığını ifadə edib. O, münaqişə tərəflərini və təsir imkanlarına malik dövlətləri dərhal atəşkəsə nail olmağa və zorakılığın qarşısını almağa çağırıb. Volker Türk vurğulayıb ki, tibbi müəssisələr və tibb personalı beynəlxalq humanitar hüquqa əsasən hücumlardan xüsusi şəkildə qorunmalıdır.

Qeyd edək ki, 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edən amansız silahlı qarşıdurmalar on minlərlə insanın ölümünə, 12 milyon nəfərin məcburi köçkünə çevrilməsinə və ölkənin infrastrukturunun böyük hissəsinin dağıdılmasına səbəb olub.

MƏNBƏ:TRT