Marko Rubio ABŞ-Ukrayna danışıqlarının məhsuldar keçdiyini bildirib

Kiyev nümayəndə heyətindən olan mənbə isə danışıqların asan keçmədiyini qeyd edib

By
Marko Rubio ABŞ-Ukrayna danışıqlarının məhsuldar keçdiyini bildirib / Reuters

ABŞ və Ukrayna Vaşinqtonun Ukrayna müharibəsinə son qoymaq planı çərçivəsində aparılan danışıqları “məhsuldar” adlandırıblar, lakin hər iki tərəf bu vacib prosesin hələ tam başa çatmadığını vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, görüləsi iş çoxdur. Kiyev nümayəndə heyətindən olan mənbə isə danışıqların asan keçmədiyini qeyd edib.

Vaşinqton təxminən dörd ildir davam edən müharibəyə son qoymaq üçün bir plan hazırlayıb və onu Moskva və Kiyevin razılığı ilə yekunlaşdırmağı hədəfləyir.

Cenevrədə keçirilən görüşlərdən sonra aparılan bu danışıqlar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya mümkün səfərinə də yol aça bilər. Vitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə etməsi gözlənilir.

Rubio deyib: “Cenevrədə keçirilən danışıqlara əsaslanaraq və bu həftə baş verən inkişafları nəzərə alaraq məhsuldar bir görüş keçirdik. Lakin hələ görüləsi çox iş var. Bu proses həssas və mürəkkəbdir’’.

Marko Rubionun açıqlamalarından sonra ABŞ Prezidenti Donald Tramp da bəyanat yayaraq Floridadakı danışıqlardan sonra müharibəyə son qoymaq üçün razılaşmanın əldə edilməsinin “yaxşı şansı” olduğunu bildirib, lakin davam edən korrupsiya qalmaqalının prosesi çətinləşdirdiyini qeyd edib.

Bir ABŞ rəsmisinin sözlərinə görə, Stiv Vitkoffun bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməsi gözlənilir.