Ukrayna Rusiyanın cənubundakı Rostov və Krasnodar vilayətlərinə PUA zərbələri endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, gecə saatlarında baş verən hücum zamanı Taqanroq limanındakı tanker və Armavir şəhərindəki yanacaq anbarı hədəf alınıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgədə 50-yə yaxın PUA-nın vurulduğunu, Taqanroq limanında və tankerdə yaranan yanğınların operativ şəkildə söndürüldüyünü bildirib. Hücum nəticəsində iki nəfərin yaralandığını qeyd edən qubernator neft sızması riskinin qarşısının alındığını və liman ətrafında yalnız kiçik ziyan qeydə alındığını diqqətə çatdırıb. Taqanroq meri Svetlana Kambulova mayın 27-dən bəri tətbiq edilən yerli fövqəladə vəziyyət rejiminin müddətinin uzadıldığını bəyan edib.
Krasnodar vilayətinin Armavir şəhərində isə hücum nəticəsində sənaye zonasındakı yanacaq anbarı yanıb. Yerli rəsmilər yanğının nəzarətə galındığını və xəsarət alanın olmadığını açıqlayıblar.
Ukrayna PUA bölməsinin komandiri Robert Brovdi bildirib ki, Krımda Rusiyaya məxsus gizli donanma tankeri və neft terminalı vurulub. Brovdi həmçinin Rusiya ərazisindəki 23 hərbi hədəfin, o cümlədən iki ədəd "Tupolev-142" uzaqmənzilli dəniz kəşfiyyat təyyarəsinin və bir "İsgəndər" raket kompleksinin zərərsizləşdirildiyini qeyd edib.











